Qax–Zaqatala–Balakən istiqamətində sərnişin qatarlarının hərəkəti sel fəsadları səbəbindən hələ də bərpa olunmayıb. Sərnişinlər marşrut üzrə reyslərin nə vaxt yenidən fəaliyyətə başlayacağını maraqla gözləyirlər. Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən açıqlama verilib.
Referans Media-ya danışan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən dəmiryol sahəsində zədələnmiş infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir.
Onun sözlərinə görə, hazırda Qax–Zaqatala sahəsinin 132-ci kilometrində təməl tökmə və dəmir-beton boruların boşaldılmasına hazırlıq işləri aparılır. Bundan əlavə, boruların bərkidilməsi, kanatların tikilməsi, torpaq yataqlarının işlənməsi və digər bərpa işləri də görüləcək.
Bəxtiyar Hacıyev qeyd edib ki, bərpa işləri tam başa çatdıqdan sonra Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişin daşımalarına yenidən başlanılacaq.
Gülnaz Abdullazadə
