Kartdan karta köçürmələr üzrə gündəlik maksimum əməliyyat sayının 5 dəfə ilə məhdudlaşdırılması vətəndaşlar arasında müzakirələrə səbəb olub. Məhdudiyyətin hansı məqsədlə tətbiq edildiyi və bunun vətəndaşlara təsiri ilə bağlı ekspert açıqlaması verilib.
Referans Media-nın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu addım qara iqtisadiyyatın ağardılması, maliyyə və mühasibat şəffaflığının təmin olunması məqsədi daşıyır.
Onun sözlərinə görə, bu addıma haqq qazandırmaq olar. Çünki bir çox ödənişlər məhz kartdan karta köçürmə vasitəsilə həyata keçirilir ki, bu da müəyyən mənada vergidən yayınma hallarının baş verməsinə səbəb olur.
“Məhz kartdan karta köçürmə istiqamətində addımların qarşısının alınması üçün bu, olduqca vacib bir əhəmiyyət kəsb edir. Eyni zamanda dələduzluq halları da olurdu. Bu nəzarətin gücləndirilməsi həmin halların aradan qalxmasına kömək edə bilər”, – deyə Vüqar Oruc bildirib.
Ekspert qeyd edib ki, maliyyə nəzarətinin gücləndirilməsi və risklərin azaldılması, eyni zamanda dələduzluq zamanı baş verə biləcək zərərin təsirlərinin minimuma endirilməsi baxımından bu addım mühüm əhəmiyyət daşıyır.
“Çirkli pulların yığılmasının, qanunsuz maliyyə əməliyyatlarının qarşısının alınması istiqamətində təbii ki, bir addım atılmış olur. Amma bu prosesdən sıravi vətəndaşlar da problem yaşayacaq. Çünki müəyyən maliyyə addımlarının məhz kartlar vasitəsilə həyata keçirilməsi, yaxınlarına və doğmalarına kart vasitəsilə pul köçürmələrinin edilməsi indi məhdudlaşacaq”, – deyə o vurğulayıb.
Vüqar Oruc bildirib ki, bu qərarda məbləğ məsələsi də öz əksini tapmalı idi. Onun fikrincə, 100 manatdan yuxarı ödənişlər üçün belə bir məhdudiyyət tətbiq edilsəydi, daha məqsədəuyğun olardı.
“Çünki maliyyə tədbirləri, müxtəlif ödənişlər, kartdan karta köçürmələr müəssisələr və ya bizneslər vasitəsilə müəyyən məbləğdə həyata keçirilir. Bu baxımdan məbləğ həddinin müəyyən olunması daha ağlabatan olardı və vətəndaşlar arasında narazılıq yaratmazdı”, – deyə ekspert qeyd edib.
Ekspert ümumilikdə bu addımı dəstəklədiyini bildirib və qeyd edib ki, bu dəyişiklik ölkədə kölgə iqtisadiyyatının aradan qaldırılması, maliyyə şəffaflığının təmin olunması və qara iqtisadiyyatın ağardılması istiqamətində mühüm addımdır.
Onun sözlərinə görə, müəssisələr və sahibkarlar hesabdan hesaba köçürmələrə və nağdsız ödənişlərə daha çox üstünlük verməlidirlər.
“Kartdan karta köçürmələrdə vergidən yayınma hallarının çox olması və bu halların artması müşahidə olunur. Bu baxımdan hesab edirəm ki, addım düzgündür. Lakin vətəndaşların bu prosesdən zərər görməməsi üçün müəyyən əlavələrin edilməsi lazımdır”, – deyə Vüqar Oruc bildirib.
Ekspert hesab edir ki, 100 manatlıq baryerin tətbiqi, yəni yalnız 100 manatdan yuxarı ödənişlər üçün məhdudiyyətin həyata keçirilməsi daha məqsədəuyğun olardı və bu dəyişikliklərin edilməsi hələ də gec deyil.
Gülnaz Abdullazadə
