Rusiyalı deputatın sevgilisi milyonçu oldu – oliqarx izi

Rusiyada korrupsiyaya qarşı mübarizə sahəsində çalışan parlament komitəsinin üzvü olan "Vahid Rusiya" Partiyasının deputatı Rəhim Əzimovun (milliyətcə tacikdir - red.) şəxsi həyatı və iri bizneslə əlaqələri barədə yeni iddialar irəli sürülüb.

Referans Media xəbər verir ki, bu barədə Aleksey Navalnının yaratdığı Korrupsiya ilə Mübarizə Fondu (FBK) araşdırma dərc edib.

Araşdırmada bildirilir ki, deputatın övladlarına məxsus olduğu iddia edilən milyardlarla rubl dəyərində daşınmaz əmlakla yanaşı, onun iri biznes nümayəndələri ilə əlaqələri və qeyri-rəsmi münasibətləri də üzə çıxarılıb.

FBK-nin iddiasına görə, deputatın gizli münasibətdə olduğu şəxs 36 yaşlı Marina Kuçminadır.

Sərhəd xidmətinin məlumat bazasından sızdırıldığı iddia olunan məlumatlara əsasən, Rəhim Əzimov və Marina Kuçmina Tacikistan, Özbəkistan, Sloveniya və İspaniya da daxil olmaqla, onlarla xarici səfəri birlikdə həyata keçiriblər.

Araşdırmada qeyd olunur ki, Kuçmina deputatla tanış olmazdan əvvəl adi bərbər işləyib. Daha sonra isə oliqarx Dmitri Mazepinə məxsus "Uralxim" şirkətində baş mütəxəssis vəzifəsinə təyin olunub. O, 2021-ci ildə Moskvaətrafı elit "Znamenskiye Prostorı" qəsəbəsində dəyəri 100 milyon rubldan çox olan torpaq sahəsi alıb.

Navalnının komandası deputatın sevgilisinin varlanmasını Əzimovun "Uralxim" sahibi Dmitri Mazepinlə sıx əməkdaşlığı ilə əlaqələndirir.

Araşdırmaya görə, deputat mütəmadi olaraq Mazepinə məxsus şəxsi biznes təyyarələrindən istifadə edir, həmçinin oliqarxla birlikdə işgüzar və şəxsi səfərlərə çıxır.

FBK vurğulayır ki, Rəhim Əzimov Dövlət Dumasında hüquq-mühafizə orqanlarının maraqlarını fəal şəkildə müdafiə edir və ictimai çıxışlarında "ənənəvi ailə dəyərləri"nin tərəfdarı kimi çıxış edir./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki