Yay aylarında havaların istiləşməsi ilə qida zəhərlənməsi halları da artır. Xüsusilə dönər kimi yüksək riskli qida məhsullarının hazırlanması, saxlanılması və satışı zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunmaması ciddi fəsadlara səbəb ola bilər. Son günlər Zaqatalada baş verən kütləvi zəhərlənmə hadisəsi də bu məsələni yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı Referans Media-ya danışan qida mütəxəssisi Fərid Səfərov bildirib ki, yay aylarında havanın temperaturunun yüksəlməsi bakteriyaların qida məhsullarında daha sürətlə çoxalmasına şərait yaradır.
Onun sözlərinə görə, dönər tərkibində ət, souslar və bəzən mayonez əsaslı əlavələr olduğu üçün qida təhlükəsizliyi baxımından yüksək riskli məhsullardan hesab olunur.
"Son günlər Zaqatalada baş verən kütləvi zəhərlənmə hadisəsinin dəqiq səbəbi rəsmi laborator müayinələrin nəticələri ilə müəyyən edilməlidir. Lakin ümumilikdə belə halların ən çox rast gəlinən səbəbləri ətin düzgün temperaturda saxlanılmaması, çiy və bişmiş məhsullar arasında çarpaz çirklənmə, gigiyena qaydalarına əməl olunmaması, dönərin tam bişmədən satışa verilməsi və uzun müddət otaq temperaturunda saxlanılmasıdır", – deyə mütəxəssis vurğulayıb.
Fərid Səfərov qeyd edib ki, istehlakçılar dönər alarkən bir neçə vacib məqama diqqət yetirməlidirlər.
"Satış məntəqəsinin təmizliyi, işçilərin əlcək və gigiyenik geyimdən istifadə etməsi, istifadə olunan məhsulların açıq havada deyil, soyuducu şəraitdə saxlanılması və dönərin yüksək temperaturda bişirilməsi vacib göstəricilərdir. Əgər dönərin rəngi, qoxusu və ya dadında şübhəli dəyişiklik hiss olunursa, həmin məhsul qətiyyən istehlak edilməməlidir. Həmçinin hazırlanmış dönərin uzun müddət vitrində və ya kifayət qədər isti olmayan şəraitdə saxlanılması da risk yaradır", – deyə o əlavə edib.
Mütəxəssisin sözlərinə görə, belə halların qarşısının alınması üçün sahibkarlar qida təhlükəsizliyi prinsiplərinə ciddi əməl etməli, xammalın mənşəyinə nəzarət etməli, soyuq zənciri qorumalı, işçi heyətini mütəmadi təlimlərə cəlb etməli və sanitar-gigiyenik qaydalara riayət etməlidirlər.
"Nəzarət orqanları isə xüsusilə yay mövsümündə dönər satışı həyata keçirən obyektlərdə yoxlamaları daha da intensivləşdirməli, laborator analizləri artırmalı və qayda pozuntularına qarşı qanunvericiliyə uyğun ciddi tədbirlər görməlidirlər. Bu sahədə həm sahibkarların məsuliyyəti, həm də istehlakçıların diqqətli seçimi qida zəhərlənmələrinin qarşısının alınmasında mühüm rol oynayır", – deyə Fərid Səfərov bildirib.
Gülnaz Abdullazadə
