"Məni bədbəxt etdi, qoy uşağa da özü baxsın” düşüncəsi anaları övladlarını atalarına verməyə sövq edir” - Aytən Ələkbərova

Məlumdur ki, boşanma hallarında, xüsusilə də məhkəmə prosesləri zamanı uşağın ananın himayəsinə verilməsi daha çox müşahidə olunur. Lakin son hesablamalara görə, Azərbaycanda boşanma zamanı övladını atanın himayəsinə verən anaların sayı artıb.

Bəs analar hansı səbəblərdən öz övladlarından imtina etməyi seçirlər? Bu qərarın arxasında hansı psixoloji və sosial amillər dayanır?

Referans Media bildirir ki, məsələ ilə bağlı Patrul.az-a psixoloq Aytən Ələkbərova fikirlərini bölüşüb. Onun sözlərinə görə, övladını atanın himayəsinə vermək istəyən analar həmin dövrdə psixoloji baxımdan ciddi yüklənmiş olurlar:

“Çox təəssüflər olsun ki, son məhkəmə proseslərində övladın atanın himayəsinə verilməsi halları ilə daha çox qarşılaşırıq. Məhkəmədə övladını atasına təhvil vermək istəyən analarda müəyyən aqressiyanın olduğunu müşahidə edirik. Boşanma prosesində olan bəzi analarda “atasının da uşağıdır, qoy o da öhdəsindən gəlsin”, “məni bədbəxt etdi, əvvəllər tək idim, indi iki nəfərlə birlikdə niyə ailəmin üzərinə qayıtmalıyam?” kimi fikirlər formalaşır. Nəticədə isə məhkəmədə övladın ataya verilməsi halları baş verir”.

media-img-20260702-wa0107

Həmsöhbətimizin sözlərinə görə, bəzi hallarda isə atalar övladlarını analarının himayəsində saxlamaq istəmirlər:

“Bəzən atalar xəyanətlə qarşılaşdıqları zaman övladlarını analarında qoymaq istəmirlər. Çünki onlar keçmiş həyat yoldaşlarının ikinci dəfə ailə quracağını düşünür və övladlarının ögey ata yanında böyüməsini istəmirlər. İnsan bütün bunları düşündükcə psixoloji yükü daha da artır. Bu yükün təsiri altında isə tələsik qərarlar verilir. Həmin anda insan beyni psixoloji baxımdan o qədər yüklənmiş olur ki, verdiyi qərarlar da bu vəziyyətdən təsirlənir. Buna görə də belə psixoloji yanaşmalar və sosial amillər müxtəlif problemlərin yaranmasına səbəb ola bilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki