ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi İsveçrədə keçirilən danışıqlar çərçivəsində Vaşinqton və Tehran arasında əldə olunmuş 14 maddəlik memorandumun əsas müddəalarını ictimaiyyətə açıqlayıb.
Sənədin məqsədi ABŞ-İran qarşıdurmasını dayandırmaq, Hörmüz boğazında gəmiçiliyi bərpa etmək və tərəflər arasında daha geniş sülh sazişinə gedən yolu açmaqdır.
Referans Media Reuters və AP News agentliklərinə istinadən xəbər verir ki, sənədin imzalanmasından sonra 60 günlük keçid dövrü başlayacaq. Bu müddətdə tərəflər yekun sazişin hazırlanması üçün danışıqlar aparacaqlar.
Memorandumun əsas müddəaları
1. Hərbi əməliyyatlar dayandırılır
ABŞ, İran və münaqişəyə cəlb olunmuş tərəflər bütün hərbi əməliyyatları dərhal və daimi olaraq dayandırmağı öhdələrinə götürürlər.
2. Suverenliyə hörmət prinsipi
Tərəflər bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, daxili işlərə qarışmamağa razılaşırlar.
3. Hörmüz boğazı yenidən açılır
İran beynəlxalq ticarət gəmilərinin Hörmüz boğazından maneəsiz keçidini təmin etməyi öhdəsinə götürür. Bu addım dünya enerji bazarları üçün kritik əhəmiyyət daşıyır.
4. ABŞ dəniz blokadasını dayandırır
Vaşinqton İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasını mərhələli şəkildə aradan qaldıracaq.
5. Neft ixracına məhdudiyyətlər yumşaldılır
ABŞ İran neftinin dünya bazarına çıxarılmasına imkan verən sanksiya istisnaları tətbiq etməyə razılaşıb.
6. Dondurulmuş aktivlər azad edilir
İrana məxsus xaricdəki dondurulmuş maliyyə vəsaitlərinin mərhələlərlə açılması nəzərdə tutulur.
7. Yeni sanksiyalar tətbiq olunmur
Yekun saziş üzrə danışıqlar davam etdiyi müddətdə Vaşinqtonun İrana qarşı yeni sanksiyalar tətbiq etməyəcəyi bildirilir.
8. İran nüvə silahı əldə etməyəcəyini təsdiqləyir
Tehran nüvə silahı hazırlamaq niyyətində olmadığını bir daha bəyan edir.
9. Uran ehtiyatları üzrə nəzarət mexanizmi yaradılır
Zənginləşdirilmiş uranın taleyi gələcək danışıqların əsas mövzularından biri olacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında uranın seyrəldilməsi variantı nəzərdən keçirilir.
10. Nüvə proqramı üzrə geniş danışıqlar başlanır
Hazırkı memorandum yekun nüvə sazişi deyil. Əsas nüvə məsələləri üzrə danışıqlar növbəti 60 gün ərzində aparılacaq.
11. İcra mexanizmi yaradılır
Sazişin icrasına nəzarət etmək üçün xüsusi birgə monitorinq mexanizmi formalaşdırılacaq.
12. İranın iqtisadi bərpası proqramı hazırlanır
ABŞ və regional tərəfdaşların iştirakı ilə İranın bərpasına yönəlmiş 300 milyard dollarlıq inkişaf və yenidənqurma proqramının hazırlanması nəzərdə tutulur. 
13. Regional təhlükəsizlik mexanizmləri qurulur
Hörmüz boğazında və regionda təhlükəsiz gəmiçiliyin təmin olunması üçün yeni əməkdaşlıq formatları müzakirə ediləcək.
14. Yekun saziş BMT Təhlükəsizlik Şurasına çıxarılacaq
Tərəflər tam razılığa gəldikdən sonra yekun sənədin BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi planlaşdırılır.
Dünya üçün nə dəyişir?
Musavat.com xatırladır ki, anlaşmanın 14 maddəsi hələ 24 saat öncə əl-Arabiyə kanalı vasitəsi ilə yayılmışdı. Ağ Ev bu mətni Körfəz ölkəlırinin mediasından daha sonra yayıb.
Bizə götə, memorandumun qüvvəyə minməsi ilk növbədə enerji bazarlarına təsir göstərəcək. Hörmüz boğazının açılması dünya neft və mayeləşdirilmiş qaz daşımalarının bərpası deməkdir. Bu isə son aylarda kəskin bahalaşan enerji qiymətlərinin sabitləşməsinə səbəb ola bilər.
Bununla belə, ABŞ rəsmiləri vurğulayırlar ki, memorandum hələ yekun sülh sazişi deyil və tərəflər istənilən mərhələdə danışıqlardan geri çəkilə bilərlər. Ən çətin müzakirələrin İranın nüvə proqramı və sanksiyaların tam ləğvi ilə bağlı olacağı gözlənilir.//Musavat.com
