Ağcaqanadların bəzi insanları digərlərindən daha çox dişlədiyi barədə təsəvvür elmi araşdırmalarla da təsdiqlənir. Alimlər xəstəlik yayan bu həşəratların bəzi insanları niyə daha cəlbedici hesab etdiyini müəyyənləşdirməyə çalışırlar.
Fransanın İnkişaf Araşdırmaları İnstitutunun tibbi entomoloqu Frederik Simard bildirib ki, ağcaqanadların bəzi insanlara daha çox yönəlməsi təsadüfi deyil. Lakin insanlar hər zaman “ağcaqanad maqnitinə” çevrilmirlər.
Mütəxəssislərin sözlərinə görə, ağcaqanadların hədəf seçməsində bədən qoxusu, bədən temperaturu və nəfəs vasitəsilə xaric edilən karbon qazı mühüm rol oynayır. Məlumdur ki, yalnız dişi ağcaqanadlar dişləyir və onlar inkişaf etmiş reseptorları sayəsində bu siqnalları qəbul edərək hədəflərini müəyyənləşdirirlər.
İsveçli alim Rikard İqnell qeyd edib ki, ağcaqanadlar onlarla metr uzaqdan belə nəfəs vasitəsilə xaric edilən karbon qazını hiss edə bilirlər və bu, əsas cəlbedici amildir.
Təxminən 10 metr məsafədə isə bədən qoxusu ilə karbon qazının birləşməsi insanı ağcaqanadlar üçün daha cəlbedici edir. Daha yaxın məsafədə isə bədən temperaturu və rütubət səviyyəsi ön plana çıxır.
Qan qrupunun təsiri yoxdur
İctimaiyyətdə geniş yayılan bəzi fikirlər isə elmi faktlarla üst-üstə düşmür. Simard bildirib ki, ağcaqanadların müəyyən qan qruplarını seçməsi ilə bağlı iddiaların elmi əsası yoxdur. Eyni zamanda dəri, göz və ya saç rənginin də ağcaqanadların seçimində rolu müəyyən edilməyib.
Bununla yanaşı, bədən qoxusu böyük əhəmiyyət daşıyır. İnsan mikrobiotasının yaratdığı molekulların tərkibi ağcaqanadların davranışına təsir göstərir.
Araşdırmalar göstərir ki, insan orqanizmi 300-dən 1000-ə qədər fərqli qoxulu birləşmə ifraz edir. Alimlər isə bunlardan hansılarının ağcaqanadları cəlb etdiyini yeni müəyyən etməyə başlayıblar.
Tədqiqatlar zamanı sarı qızdırma və denge qızdırması viruslarını yayan "Aedes aegypti" növü ağcaqanadlar laboratoriyada araşdırılıb. Məlum olub ki, ağcaqanadlar insanların ifraz etdiyi minlərlə birləşmədən 27-ni ayırd edə və bu xüsusi qarışığı izləyə bilir.
Ağcaqanadların ən çox cəlb olunduğu insanların dərisində yağların parçalanması nəticəsində yaranan "1-octen-3-ol" adlı maddənin daha yüksək səviyyədə olduğu müəyyən edilib. Bu maddənin miqdarındakı kiçik artım belə ağcaqanadları cəlb etmək üçün kifayət edir.
Pivə istehlakı cəlbediciliyi artırır
Araşdırmalar göstərir ki, pivə istehlakı da ağcaqanadları cəlb edir. Alkoqol bədən temperaturunu yüksəldir, nəfəs vasitəsilə xaric edilən karbon qazının miqdarını artırır və dəri qoxusunu dəyişdirir.
Burkina Faso və Niderlandda aparılan təcrübələr alkoqol qəbul edən insanların malyariya daşıyan "Anopheles" ağcaqanadları üçün daha cəlbedici olduğunu ortaya qoyub.
Niderlandda aparılan araşdırmada son 24 saat ərzində pivə içən şəxslərin ağcaqanadlar üçün 1,35 dəfə daha cəlbedici olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən ağcaqanadların yaşayış arealının genişlənməsi bu araşdırmaların əhəmiyyətini daha da artırır.
Mütəxəssislər qorunmaq üçün bədəni örtən geniş geyimlərdən istifadə etməyi, ağcaqanad toru və həşəratqovuculardan yararlanmağı, həmçinin ağır qidalardan və alkoqoldan uzaq durmağı tövsiyə edirlər.
