Aliment ödəməyənlər üçün "qara günlər" başlayır: Sürücülük hüququ da əldən gedə bilər!

Azərbaycanda aliment ödəməyən şəxslərlə bağlı məsuliyyətin daha da sərtləşdirilməsi və yeni nəzarət mexanizmlərinin tətbiqi yenidən gündəmə gəlib. Uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə aliment fondunun yaradılması, borclulara qarşı əlavə məhdudiyyətlərin tətbiqi və rəqəmsal nəzarət sistemlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılır.

Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, aliment öhdəliklərinin yerinə yetirilməməsi həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsi uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma hallarını tənzimləyir. Əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli şəkildə boyun qaçırma yüz manatdan beş yüz manatadək miqdarda cərimə, yaxud yüz doxsan saatdan iki yüz qırx saatadək ictimai işlər, bir ilədək müddətə islah işləri və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hüquqşünas qeyd edib ki, cinayət məsuliyyətindən əvvəl şəxs adətən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunur. Həmin maddə məhkəmə qərarının icra edilməməsinə görə fiziki şəxslərin 500 manatdan 1000 manatadək cərimə edilməsini və ya işin hallarından asılı olaraq bir ayadək müddətə inzibati həbs olunmasını nəzərdə tutur.

Rəhim Xoyski vurğulayıb ki, rəsmi müzakirələrdə aliment ödəməyən şəxslərlə bağlı daha sərt tədbirlər və yeni mexanizmlər də gündəmdədir. Onun sözlərinə görə, aliment fondu beynəlxalq təcrübədə uğurla tətbiq olunan modellərdən biri hesab olunur.

“Fondun mahiyyəti ondan ibarətdir ki, valideyn alimenti ödəmədikdə dövlət və ya fond uşağa müvafiq vəsaiti ödəyir, daha sonra həmin məbləği borclu valideyndən məcburi qaydada, faiz və digər xərclərlə birlikdə geri tələb edir. Bu mexanizm uşağın maddi vəziyyətinin pisləşməsinin qarşısını operativ şəkildə almağa xidmət edir”, – deyə hüquqşünas bildirib.

O əlavə edib ki, hazırda aliment borcu olan şəxslərin ölkədən çıxışına məhdudiyyət tətbiq olunur. Gələcəkdə sürücülük hüququnun müvəqqəti məhdudlaşdırılması, bəzi dövlət xidmətlərindən istifadəyə qadağaların qoyulması kimi daha sərt inzibati tədbirlərin tətbiqi də mümkün hesab edilir.

Hüquqşünasın sözlərinə görə, qeyri-rəsmi məşğulluq yolu ilə aliment ödənişindən yayınan şəxslərin aşkarlanması üçün rəqəmsal nəzarət sistemlərinin gücləndirilməsi nəzərdə tutulur. O bildirib ki, qanunvericilik uşaqların hüquqlarının müdafiəsi istiqamətində davamlı şəkildə təkmilləşdirilir və aliment fondunun yaradılması bu sahədə ən effektiv addımlardan biri kimi qiymətləndirilir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki