BMT-nin dəstəyi ilə hazırlanan yeni beynəlxalq araşdırma qlobal istiləşmənin sürətləndiyini və əsas iqlim göstəricilərinin daha da pisləşdiyini ortaya qoyub.
Referans Media xəbər verir ki, bu barədə AFP agentliyi 70-dən çox ekspertin iştirakı ilə hazırlanmış illik hesabata istinadən məlumat yayıb.
Hesabatın həmmüəllifi professor Piter Torn mövcud vəziyyəti ağır xəstənin simptomlarına bənzədib. Onun sözlərinə görə, iqlim dəyişikliklərinin izlənməsi üçün vacib olan qlobal monitorinq sistemləri ya ixtisar olunur, ya da təhlükə altındadır.
Alimlərin hesablamalarına əsasən, 2025-ci ildə Yer kürəsində orta temperatur sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə artıq 1,39 dərəcə selsi yüksəlib. Tədqiqat müəllifləri bu artımın əsas səbəbinin insan fəaliyyəti nəticəsində yaranan istixana qazı emissiyaları olduğunu vurğulayırlar.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qlobal istiləşməni 1,5 dərəcə həddində saxlamaq məqsədinə nail olmaq getdikcə çətinləşir. Onların fikrincə, atmosferə atılan karbon qazının (CO₂) həcmi hazırkı templə davam edərsə, dünyanın "karbon büdcəsi" cəmi üç il ərzində tükənə bilər.
Araşdırmada həmçinin qeyd olunur ki, ABŞ və digər ölkələrdə iqlim müşahidələri və monitorinq proqramlarının maliyyələşdirilməsinin azalması riskləri daha da artırır.
Ekspertlərin qənaətinə görə, qarşıdakı illər meteoroloji müşahidələr tarixində ən isti dövr kimi qeydə alına bilər. Meteoroloq Yekaterina Pestryakova bildirib ki, xüsusilə çöl və yarımsəhra bölgələrində güclü quraqlıq təhlükəsi artır və bu, kənd təsərrüfatına ciddi zərbə vura bilər./Publika.az
