Almaniya ABŞ qoşunlarının ixtisarına hazırlaşır – Berlin Vaşinqtonun qərarından narahatdır

Almaniya Müdafiə Nazirliyi ABŞ-ın Avropadakı hərbi kontingentini azaltmaq ehtimalına qarşı görüləcək tədbirləri müzakirə etməyə hazırlaşır.

Referans Media xəbər verir ki, Politico nəşrinin əldə etdiyi hökumətdaxili sənədə əsasən, noyabrın 25-də Almaniyanın yüksəkvəzifəli müdafiə rəsmiləri ABŞ qoşunlarının mümkün ixtisarının yaratdığı riskləri və buna qarşı Almaniya ilə Avropa müttəfiqlərinin atacağı addımları müzakirə edəcəklər.

Məlumata görə, iclasda həm hərbi, həm də siyasi cavab tədbirləri nəzərdən keçiriləcək, həmçinin hökumətin NATO, Avropa tərəfdaşları, parlament və ictimaiyyət qarşısında vahid mövqe nümayiş etdirməsi üçün strategiya müəyyənləşdiriləcək.

ABŞ Prezidenti Donald Tramp administrasiyası Avropa ölkələrinin öz müdafiələrinə daha çox məsuliyyət daşımasını istəyir. Bu isə ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq ehtimalını gündəmə gətirib.

Pentaqon iyun ayında Avropadakı hərbi yerləşdirmələrin yenidən qiymətləndirilməsinə başlayıb. ABŞ Müdafiə Nazirliyinin siyasət üzrə rəhbəri Elbric Kolbi bildirib ki, araşdırmanın 1 dekabradək başa çatdırılması gözlənilir.

Almaniya Avropada ABŞ hərbi qüvvələrinin ən çox yerləşdiyi ölkədir. Hazırda ölkədə təxminən 35 min ABŞ hərbçisi xidmət edir.

Berlin hesab edir ki, ABŞ qüvvələrinin ixtisarı NATO-nun Rusiyaya qarşı çəkindirmə imkanlarını zəiflədə və bəzi vacib hərbi imkanlarda boşluq yarada bilər.

Ekspertlər bildirirlər ki, ABŞ ordusu NATO-ya kəşfiyyat məlumatları, hava dəstəyi və uzaqmənzilli silah sistemləri kimi strateji imkanlar təqdim edir. Bu imkanların azalması Avropa ölkələrini daha sürətli silahlanmağa və Vaşinqtonun indiyədək yerinə yetirdiyi bəzi missiyaları öz üzərlərinə götürməyə məcbur edə bilər.

Daxili sənədə görə, Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Nils Hilmer dekabrın 1–5-i tarixlərində ABŞ-a səfər edəcək.

Səfər çərçivəsində onun ABŞ Müdafiə Nazirliyinin yüksəkvəzifəli rəsmiləri, o cümlədən Elbric Kolbi və müdafiə nazirinin müavini Stiv Faynberq ilə görüşməsi planlaşdırılır.

Berlin bu görüşlərdə Pentaqonun araşdırmasının nəticələri barədə daha ətraflı məlumat əldə etməyə və ABŞ-ın yekun qərarına təsir göstərməyə çalışacaq.

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ABŞ və Avropa arasında hərbi əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır.

Nazirin sözlərinə görə, NATO-nun Avropadakı üzvlərinin ABŞ silahlı qüvvələrinə ehtiyacı olduğu kimi, Vaşinqtonun da Avropadakı bazalarına və müttəfiqləri ilə sıx əməkdaşlığa ehtiyacı var.

Pistorius əlavə edib ki, Almaniyada yerləşən ABŞ hərbi bazaları ilə yerli icmalar arasında onilliklər ərzində formalaşmış güclü əlaqələrin qorunması Berlin üçün mühüm əhəmiyyət kəsb edir.

Xəqani Əzizli

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki