Roma Papası XIV Leo BMT-nin iqlim dəyişikliyi ilə bağlı danışıqlarının yekun razılaşma olmadan başa çatmasından narahat olduğunu bildirib.
Referans Media xəbər verir ki, Pontifik çərşənbə günü Müqəddəs Pyotr meydanında keçirilən ənənəvi ümumi audiyensiya zamanı çıxış edərək iqlim böhranının təsirlərinin getdikcə daha da ağırlaşdığını vurğulayıb.
Papa bildirib ki, iqlim böhranı ilə əlaqəli ekstremal hava hadisələri getdikcə daha tez-tez baş verir və bu vəziyyət milyonlarla insanın həyatına ciddi təsir göstərir.
O, beynəlxalq ictimaiyyəti iqlim böhranının arxasında duran insan amilini unutmamağa çağırıb.
"İqlim böhranının insan simasını heç vaxt unutmayaq. Bu böhran milyonlarla insanın həyatına təsir edir, bütöv icmaları zərbə altında qoyur və gələcək nəsillərin perspektivlərini təhlükə altına salır", – deyə Papa qeyd edib.
XIV Leo problemin həlli üçün insanların davranışlarında, sosial-iqtisadi sistemlərdə və cəmiyyətlərin idarə olunmasında əsaslı dəyişikliklərin vacib olduğunu bildirib.
Papa bu çağırışını həm beynəlxalq ictimaiyyətə, həm də hər bir fərdə ünvanlayıb.
Xatırladaq ki, XIV Leo pontifikat dövründə də sələfi Papa Fransiskin ətraf mühitin qorunması ilə bağlı siyasətini davam etdirir. Papa Fransiskin məşhur "Laudato Si" ensiklikası planetin qorunmasını bəşəriyyət üçün təxirəsalınmaz mənəvi məsələ kimi qiymətləndirirdi.
Bu yaxınlarda Peruya səfəri zamanı XIV Leo Amazon meşələrini qoruduqları üçün öldürülən ekoloji fəalların hüquqlarının müdafiəsinə də çağırış etmişdi.
Vatikanın dövlət katibi, kardinal Pyetro Parolin isə COP31 iştirakçılarına ünvanladığı müraciətdə Papanın "iqlim böhranının insan simasını unutmayaq" çağırışını xatırladaraq bildirib ki, iqlim danışıqları yalnız texniki məsələlər deyil, insanların həyatı ilə birbaşa bağlıdır.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransı yekun razılaşma olmadan başa çatıb. Tərəflər qlobal istiləşmənin əsas səbəbi hesab olunan fosil yanacaqlara sənəddə istinad edilib-edilməməsi məsələsində ortaq mövqe əldə edə bilməyiblər.
