Almaniya və Fransa Avropanın ən böyük müdafiə proqramlarından biri hesab edilən yeni nəsil döyüş təyyarəsinin hazırlanması layihəsini dayandırmaq barədə razılığa gəlib.
Məlumata görə, Almaniya kansleri Friedrich Merz və Fransa prezidenti Emmanuel Macron layihədə iştirak edən şirkətlər arasında uzun müddətdir davam edən fikir ayrılıqlarının aradan qaldırılmasının mümkün olmadığı qənaətinə gəliblər.
Təxminən 100 milyard avro dəyərində qiymətləndirilən layihə Almaniya, Fransa və İspaniyanın iştirakı ilə həyata keçirilirdi. Lakin əsas tərəfdaşlar olan Airbus və Dassault Aviation arasında texniki tələblər, idarəetmə və intellektual mülkiyyət məsələləri üzrə razılıq əldə olunmayıb.
Buna baxmayaraq, layihə çərçivəsində nəzərdə tutulan bəzi texnologiyaların, o cümlədən pilotsuz sistemlər və "döyüş buludu" adlandırılan yüksək təhlükəsizlikli rabitə şəbəkələrinin inkişaf etdirilməsinin davam etdirilməsi planlaşdırılır.
Qərar Rusiyadan gələn təhlükə ilə bağlı narahatlıqların artdığı və Avropanın hərbi potensialını gücləndirməyə çalışdığı bir dövrdə qəbul edilib. Ekspertlər layihənin dayandırılmasını Avropanın müdafiə sənayesində əməkdaşlıq problemlərinin göstəricisi kimi qiymətləndirirlər.
