Ana Vətən Partiyasının (AVP) növbəti qurultayı təşkilat tarixində yeni mərhələnin başlanğıcı kimi təqdim olunsa da, əslində bu proses partiyadaxili dərin parçalanmanı bir daha üzə çıxardı. Qurultayda partiyanın sədr müavini, Milli Məclisin deputatı Günay Fəzail qızı Ağamalının AVP sədri seçilməsi ilə Fəzail Ağamalının 1990-cı il noyabrın 24-dən başlayan və 36 il davam edən rəhbərlik dövrü rəsmən başa çatdı.
Əslində, bu dəyişiklik ötən ilin oktyabrın 25-də keçirilməsi planlaşdırılan qurultayda baş verməli idi. Lakin həmin gün qurultayın keçirildiyi məkanda Fəzail Ağamalının oğlu Elçin Ağamalını dəstəkləyənlərlə qızı Günay Ağamalının tərəfdarları arasında yaranan gərginlik açıq qarşıdurmaya, hətta ailədaxili mübahisəyə çevrildi. Nəticədə qurultay təxirə salındı.
Hazırkı qurultayın nəticələrinə münasibət bildirən Elçin Ağamalı qeyd edib ki, 25 oktyabr 2025-ci il tarixli qurultaydan sonra ilk günlər istisna olmaqla, proseslərin daha da kəskinləşməməsi üçün mətbuat və sosial şəbəkələrdə suallara cavab verməkdən çəkinib. Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu tapmaq məqsədilə dialoq təşəbbüsü göstərsə də, bu cəhdlər cavabsız qalıb. Partiyadaxili proseslərin gedişini müşahidə etdikdən sonra isə danışıqların mənasız olduğu qənaətinə gəlib.
Elçin Ağamalı iddia edir ki, qurultaydan sonra onun namizədliyini dəstəkləyən rayon və şəhər təşkilatlarının sədrlərinə qarşı təzyiq və təqib kampaniyası başlanıb, nəticədə bir çoxu partiya sıralarından və tutduqları vəzifələrdən uzaqlaşdırılıb. Onun fikrincə, nizamnamə tələbləri pozulmaqla, Ana Vətən Partiyasının qərargahında təşkilata aidiyyəti olmayan şəxslərin iştirakı ilə gizli şəkildə keçirilmiş bu qurultay qeyri-legitimdir.
Məhz bu səbəbdən, bir sıra rayon (şəhər) təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş qərarların ləğv edilməsi tələbi ilə artıq məhkəməyə müraciət ediblər.
Baş verənlər bir daha sual doğurur: Ana Vətən Partiyası institusional siyasi təşkilatdır, yoxsa illərdir bir ailənin daxili münasibətləri çərçivəsində idarə olunan struktur? Bu suala cavab isə artıq təkcə partiya üzvlərinin deyil, məhkəmələrin və siyasi tarixçilərin mühakiməsinə buraxılıb.
Sima Babayeva
