Bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi işə başlayır. Dünyanın diqqət mərkəzində olan sammitdə ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, NATO-ya üzv 32 ölkənin liderləri, eləcə də tərəfdaş dövlətlərin nümayəndələri iştirak edəcək.
Referans Media xəbər verir ki, iki gün davam edəcək zirvədə Rusiya-Ukrayna müharibəsi, Avropanın təhlükəsizliyi, müdafiə xərclərinin artırılması, Yaxın Şərqdəki son vəziyyət və alyansın gələcək strategiyası əsas müzakirə mövzuları olacaq.
Milyardlarla dollarlıq müdafiə layihələri açıqlanacaq
Sammit çərçivəsində keçiriləcək NATO Müdafiə Sənayesi Forumunda on milyardlarla dollar dəyərində yeni silah və müdafiə layihələrinin elan ediləcəyi gözlənilir.
Məlumata görə, Niderland hökuməti 3 milyard avrodan çox həcmində yeni müdafiə investisiyalarını açıqlayacaq. Bundan əlavə, Belçika ilə hava hücumundan müdafiə, Böyük Britaniya ilə isə dəniz platformaları sahəsində birgə layihələrin təqdim olunacağı bildirilir.
Ərdoğan-Tramp görüşü diqqət mərkəzindədir
Zirvənin ən mühüm hadisələrindən biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək ikitərəfli görüş hesab olunur.
Liderlərin NATO gündəliyi ilə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlıq, regional təhlükəsizlik, eləcə də ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.
Müdafiə xərcləri rekord həddə yüksəlib
NATO-nun Baş katibi Mark Rütte bildirib ki, son bir ildə Avropa ölkələri və Kanada müdafiə xərclərini təxminən 20 faiz artıraraq ümumi büdcəni 570 milyard dollardan çox səviyyəyə çatdırıblar. Onun sözlərinə görə, bu artım həm Rusiyadan qaynaqlanan təhlükələrlə, həm də ABŞ-ın Avropanın müdafiəyə daha çox vəsait ayırması ilə bağlı çağırışları ilə əlaqədardır.
Ukrayna məsələsi əsas gündəmdə olacaq
Sammitdə Rusiya-Ukrayna müharibəsi də əsas müzakirə mövzularından biri olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski NATO liderlərini ölkəsinə dəstəyi gücləndirməyə çağırıb. Alyansın Ukraynaya yeni yardım paketləri və hava hücumundan müdafiə imkanlarının genişləndirilməsi ilə bağlı qərarlar qəbul edə biləcəyi bildirilir.
AWACS təyyarələri yenilənəcək
Məlumata əsasən, NATO inventarında olan köhnə ABŞ istehsalı AWACS erkən xəbərdarlıq təyyarələrinin İsveçin Saab şirkətinin hazırladığı GlobalEye sistemi ilə əvəzlənməsi planlaşdırılır. Bu qərarın sammit çərçivəsində rəsmiləşdirilməsi gözlənilir.
Zirvənin yekununda alyans liderlərinin birgə bəyannamə qəbul etməsi və NATO-nun qarşıdakı dövr üçün strateji yol xəritəsini müəyyənləşdirməsi nəzərdə tutulur.
