image-havaa-bakibackend

Aprel havası anomaliyadır? – Meteoroloqdan vacib açıqlama: Yağışlar nə vaxtadək davam edəcək

Son günlər müşahidə olunan davamlı yağışlı və sərin hava şəraiti ilə bağlı yaranan suallar aktuallığını qoruyur. Xüsusilə “bu hal aprel ayı üçün iqlim normasıdırmı, yoxsa qeyri-adi meteoroloji anomaliyadır?” və “mövcud hava şəraiti nə vaxta qədər davam edəcək, yaxın günlərdə kəskin dəyişiklik gözlənilirmi?” kimi suallar ictimaiyyəti maraqlandırır.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən meteoroloq Cavidan Əliyev bildirib ki, bölgədə müşahidə olunan hava dəyişkənliyinin əsas səbəbi aralıqdan daxil olan siklonlardır.

Onun sözlərinə görə, ümumilikdə yaz ayları ərzində bu cür siklonlar demək olar ki, bütün bölgələrə təsir edir və nəticədə soyuq hava dalğaları tez-tez müşahidə olunur. Bu baxımdan, hazırkı hava şəraiti tamamilə qeyri-adi hesab olunmur və yaz mövsümünə xas proseslərdən biridir.

Meteoroloq qeyd edib ki, aralıqdan gələn siklonlar eyni zamanda şimaldan soyuq hava kütlələrinin sirkulyasiyasını gücləndirir və bu da temperaturun normadan aşağı düşməsinə, yağıntıların isə intensivləşməsinə səbəb olur.

Cavidan Əliyev əlavə edib ki, mövcud proqnozlara əsasən, ayın 19-na qədər hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir. Bununla belə, yaz mövsümünə uyğun olaraq qısa müddətli dəyişikliklər və lokal yağıntılar istisna edilmir, lakin yaxın günlərdə kəskin və uzunmüddətli hava dəyişiklikləri gözlənilmir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki