Araşdırma: Narsist valideynlə böyüyən qızlarda emosional problemlər daha çox müşahidə olunur

Yeni araşdırma göstərib ki, narsist xüsusiyyətlərə malik valideynlər, xüsusilə də analar, qız övladlarının emosional inkişafına mənfi təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, belə ailə mühitində böyüyən uşaqlar gələcəkdə emosiyalarını idarə etməkdə və sağlam münasibətlər qurmaqda çətinlik çəkə bilərlər.

"Narsisizm" həddindən artıq özünəvurğunluq, daimi tərif gözləmək və empati çatışmazlığı ilə xarakterizə olunur. Narsist insanlar adətən öz maraqlarını başqalarının hisslərindən üstün tuturlar və tənqidə qarşı həssas olurlar.

"Frontiers in Psychology" jurnalında dərc olunan araşdırmada 18-24 yaş arasında 416 qadın tələbənin iştirakı ilə valideyn davranışlarının emosional vəziyyətə təsiri öyrənilib. Nəticələr göstərib ki, analarını daha narsist kimi qiymətləndirən iştirakçılar emosional sabitlik testlərində daha aşağı nəticə göstəriblər.

Araşdırmaya görə, ananın dözümsüz və istismarçı davranışları qızlarda emosional problemlərin yaranmasına ən çox təsir edən amillərdən olub. Belə ailələrdə böyüyən uşaqlar çox vaxt öz ehtiyaclarını ikinci plana keçirir, konfliktlərdən qaçmağa çalışır və hisslərini gizlətməyi öyrənirlər.

Mütəxəssislər bildirirlər ki, narsist davranışların kökündə çox zaman uşaqlıq dövründə yaşanmış dəyərsizlik və güvənsizlik hissləri dayanır. Xaricdən özünəinamlı görünən bu şəxslər daxilən ciddi emosional çatışmazlıqlar yaşayırlar.

Psixoloqlar vurğulayırlar ki, uşaqların sağlam emosional inkişafı üçün ailədə empatiya, dəstək və qarşılıqlı hörmət mühitinin formalaşdırılması böyük əhəmiyyət daşıyır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki