Türkiyənin Super Liqa təmsilçisi "Kocaelispor" malili futbolçu Habib Ali Keytanın müqaviləsinə birtərəfli qaydada xitam verib.
Referans Media xəbər verir ki, klubun yaydığı açıqlamaya görə, 27 yaşlı yarımmüdafiəçi mövsümöncəsi hazırlıq düşərgələrinə və məşqlərə icazəsiz və üzrsüz səbəbdən qatılmayıb. Futbolçunun mövsüm ərzində keçirilən oyunlarda da komandanın heyətində yer almadığı qeyd olunub.
"Kocaelispor" rəhbərliyi Keytaya müqavilə öhdəliklərini yerinə yetirməsi ilə bağlı xəbərdarlıqlar göndərildiyini, lakin buna baxmayaraq futbolçunun öhdəliklərini dəfələrlə və ciddi şəkildə pozduğunu açıqlayıb. Klub bu vəziyyətin tərəflər arasındakı əməkdaşlığın davam etdirilməsini mümkünsüz etdiyini əsas gətirərək müqaviləni haqlı səbəblə birtərəfli qaydada ləğv edib.
"Kocaelispor" həmçinin futbolçu ilə bağlı FIFA Futbol Məhkəməsinə müraciət edəcəyini açıqlayıb. Klub Keytaya qarşı idmanda cəza və təzminat tələbi irəli sürməyi, futbolçunun bundan sonra müqavilə bağlayacağı ilk klubun isə müvafiq hallarda məsuliyyət daşımasını tələb etməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl klub prezidenti Rəcəb Durul malili yarımmüdafiəçinin komandadan icazəsiz ayrılması ilə bağlı açıqlamalar verib. Prezident "Keytanın icazəsiz getməsi, əlbəttə, xoş hal deyil. Bunu ağıl tutulması adlandıra bilərik" deyərək reaksiyasını bildirib və bunları söyləyib:
"Deyilənlərə görə, orada bir qıza aşiq olub və onun üçün getdiyi söylənilir. Həmçinin Türkiyədə deyil, xaricdəki bir komandada oynamaq istəyir. Lakin menecerləri bəzən telefonlara cavab verir, bəzən isə cavab vermirlər. Biz “Kocaelispor” olaraq lazımi hüquqi prosedurlara başlayacağıq, lakin özünə bir qədər vaxt verdik. 3-4 klubdan transfer təklifi aldığı deyilir, amma indiyədək bizə çatan rəsmi təklif yoxdur".
