Atəşkəs kövrək qalır: İsrail Livanda yeni ssenarilərə hazırlaşır

İsrail dövlət televiziyası "KAN" təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, İsrail ordusu Livanın cənubunda uzunmüddətli hərbi mövcudluq ehtimalına uyğun hazırlıqlar aparır.

Referans Media xəbər verir ki, ordunun bölgədə qalıcı şəkildə yerləşib-yerləşməyəcəyi ilə bağlı yekun qərar siyasi rəhbərlik tərəfindən veriləcək. Bununla yanaşı, İsrailin Livana münasibətdə müxtəlif hərbi ssenariləri gündəmdə saxladığı iddia olunur.

Bölgədə atəşkəs razılaşmalarına baxmayaraq qarşıdurma tam dayanmayıb. KAN-ın məlumatında qeyd edilir ki, ABŞ ilə İran arasında əldə olunduğu bildirilən anlaşmaya baxmayaraq, İsrail ordusu Livanda yarana biləcək bütün ehtimallara qarşı hazırlıqlarını davam etdirir.

Xatırladaq ki, İsrail martın əvvəlindən etibarən Livanın cənubuna intensiv hava hücumları həyata keçirib və bəzi ərazilərdə nəzarəti gücləndirib. Livan rəsmiləri bu əməliyyatlar nəticəsində bir milyondan çox insanın yaşayış yerini tərk etdiyini açıqlamışdı.

Aprel və may aylarında müxtəlif vasitəçilik təşəbbüsləri nəticəsində tərəflər arasında atəşkəs müddətinin uzadıldığı elan olunsa da, bölgədə gərginlik tam aradan qalxmayıb.

Müşahidəçilərin fikrincə, Livan cəbhəsində mümkün yeni eskalasiya təkcə İsrail–Hizbullah münasibətlərinə deyil, eyni zamanda İran və ABŞ arasında son dövrdə formalaşan diplomatik proseslərə də təsir göstərə bilər.

Bununla belə, hazırkı mərhələdə İsrailin hazırlıqlarının daha çox təhlükəsizlik və çəkindirmə xarakteri daşıdığı, regional balansın isə sahədə baş verəcək hadisələrdən asılı olacağı qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki