Ali təhsil müəssisələrinə qəbul və ixtisas seçimi dövründə abituriyentləri ən çox düşündürən məsələlərdən biri gələcəkdə daha perspektivli olacaq peşələri düzgün müəyyənləşdirməkdir. Mütəxəssislər hesab edir ki, ixtisas seçərkən yalnız bugünkü əmək bazarını deyil, yaxın illərdə texnologiya və iqtisadiyyatda baş verəcək dəyişiklikləri də nəzərə almaq vacibdir. Bəs gələcəyin əmək bazarında hansı sahələr ön plana çıxacaq?
Referans Media-nın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndi bildirib ki, son illərdə ümumtəhsil məktəblərinin fiber-optik internet şəbəkəsinə qoşulması istiqamətində həm paytaxtda, həm də bölgələrdə mühüm addımlar atılır.
Onun sözlərinə görə, bu proses şəbəkə infrastrukturunun inkişafına, rəqəmsal təhsil imkanlarının genişlənməsinə və distant təhsilin əlçatanlığının artmasına mühüm töhfə verir.
Ekspert qeyd edib ki, fiber-optik internet imkanları ölkə üzrə bərabər şəkildə təmin olunarsa, bölgələrdə yaşayan vətəndaşlar da distant və onlayn təhsildən daha səmərəli faydalana biləcəklər.
Elçin Əfəndi bildirib ki, hazırda ən çox müzakirə olunan məsələlərdən biri də distant təhsilin inkişafıdır. Onun sözlərinə görə, xüsusilə şagird sayı az olan məktəblərdə distant təhsil imkanlarının genişləndirilməsi vacib istiqamətlərdən biridir.
Ekspert vurğulayıb ki, mövcud və gələcək texnologiyalardan səmərəli istifadə etmək üçün həm texniki baza, həm də kadr potensialının gücləndirilməsi istiqamətində işlər görülür.
"Rəqəmsal bacarıqlar, süni intellekt və informasiya texnologiyaları sahəsində peşəkar mütəxəssislərə ciddi ehtiyac var. Bu sahələr üzrə mütəxəssislərin təhsil sistemində fəaliyyət göstərməsi və vətəndaşların bu istiqamətdə bilik əldə etməsi mühüm irəliləyişə səbəb ola bilər", – deyə o bildirib.
Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə həm rəqəmsal təhsilin, həm də distant təhsilin daha da təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində işlər davam etdiriləcək.
O qeyd edib ki, bəzi şagird sayı az olan məktəblər bağlanaraq şagirdlər daha böyük məktəblərə yönləndirilir. Bu mümkün olmadıqda isə şagirdlərin rəqəmsal platformalar vasitəsilə onlayn təhsilə qoşulmasının təmin edilməsi istiqamətində tədbirlər görülür.
Elçin Əfəndi əlavə edib ki, bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün artıq müəyyən addımlar atılıb və qarşıdakı dövrdə Elm və Təhsil Nazirliyi tərəfindən əlavə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Gülnaz Abdullazadə
