İngiltərədə qeydə alınan anomal istilər və yağıntı çatışmazlığı ölkənin böyük hissəsində quraqlıq təhlükəsini artırıb. Ərazinin təxminən yarısının rəsmi olaraq quraqlıq zonası elan edilməsi su ehtiyatları ilə bağlı narahatlıqları da gündəmə gətirib.
Bəs quraqlığın əsas fəsadları nələrdir? Azərbaycanda da belə risk yaşana bilərmi?
Referans Media bildirir ki, bu barədə Globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, su həyat mənbəyidir və insan yaşamı üçün əvəzolunmaz əhəmiyyət daşıyır:
“İstər içməli su kimi, istər gigiyena baxımından, istərsə də kənd təsərrüfatında, xüsusilə bitkilərin suvarılmasında suyun rolu danılmazdır. Su ehtiyatlarından düzgün istifadə edilməməsi dünyanın hər yerində problemlər yarada bilər. Hazırda bunu müxtəlif ölkələrin timsalında da görürük. Məsələn, İngiltərədə müşahidə olunan quraqlıq da iqlim dəyişikliklərinin təsirlərindən biri hesab olunur. Halbuki İngiltərə adətən yağıntının bol olduğu ölkələrdən biridir. Bu il yağıntının az olması həmin ölkədə quraqlıq riskini artırıb. Bu da göstərir ki, iqlim dəyişiklikləri artıq dünyanın müxtəlif bölgələrində özünü aydın şəkildə büruzə verir”.
Azərbaycana gəldikdə isə, ekoloq bildirib ki, ölkəmizin içməli su ehtiyatları müəyyən məhdudiyyətlərə malikdir:
“Su ehtiyatlarımızın təxminən 70 faizi transsərhəd çaylar hesabına formalaşır. Bununla yanaşı, yeraltı su ehtiyatlarımız da mövcuddur. Sevindirici haldır ki, Azərbaycan yaxın perspektivdə su böhranı yaşayacaq ölkələr sırasında deyil. Bununla belə, su ehtiyatlarından qənaətlə istifadə etmək hər birimizin borcudur. Su yalnız qıt olduğu yerlərdə deyil, ümumiyyətlə, hər yerdə səmərəli istifadə edilməlidir. Əkinçilikdə və yaşıllaşdırmada suya tələbatı az olan bitki növlərinə üstünlük verilməsi məqsədəuyğundur. Meyvə ağacları, yaşıllıqlar və digər bitkilər seçilərkən onların su tələbatı da nəzərə alınmalıdır. Suyu israf etməmək vacibdir. Xüsusilə geniş qazon sahələri çoxlu su tələb edir. Bakı kimi yarımsəhra iqliminə malik şəhərlərdə yaşıllıqların qorunması vacib olsa da, onların suya olan tələbatı da düzgün planlaşdırılmalıdır. Bu baxımdan su ehtiyatlarının səmərəli idarə olunması xüsusi əhəmiyyət daşıyır”.

Qorxmaz İbrahimli
Qorxmaz İbrahimlinin fikrincə, evlərimizdə də suya qənaət etməyə çalışmalıyıq:
“Məişətdə sudan düzgün istifadə həm su ehtiyatlarının qorunmasına, həm də gələcək nəsillər üçün bu resursun saxlanılmasına xidmət edir. Bu il Azərbaycanda hava şəraiti də fərqli keçdi. Mart və aprel aylarında yağıntılar çox oldu və hava nisbətən sərin keçdi. Lakin yay aylarında, xüsusilə iyulda anomal isti hava dalğaları müşahidə olundu. Bir-iki günlük kəskin istilər belə insanların gündəlik həyatına ciddi təsir göstərdi. Bu da göstərir ki, iqlim dəyişiklikləri artıq ölkəmizdə də öz təsirini hiss etdirməkdədir”.
