Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, müəyyən hallarda nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması və orada saxlanılması üçün ödənilən vəsait sürücülərə geri qaytarılacaq. Yeni mexanizm, xüsusilə qanunsuz və ya əsassız qərarlar nəticəsində zərər çəkən sürücülərin hüquqlarının daha effektiv qorunmasına xidmət edir. Bəs bu dəyişiklik mövcud praktikaya necə təsir edəcək?
Mövzu ilə bağlı Referans Media-nın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, sözügedən dəyişiklik daha çox texniki xarakter daşıyır və qanunvericiliyin təkmilləşdirilməsi baxımından vacib addımdır.
Onun sözlərinə görə, burada əsas məqsəd avtomobillərin cərimə meydançasına aparılması zamanı sürücülərin hüquqlarının qorunması və mövcud xırda hüquqi boşluqların aradan qaldırılmasıdır.
Ekspert qeyd edib ki, bəzi hallarda evakuator sürücüsü və ya ona göstəriş verən Yol Patrul Xidməti əməkdaşı səhvə yol verə bilər və belə vəziyyətdə vətəndaş həmin səhvin nəticəsinə görə maddi zərər çəkməməlidir.
Elməddin Muradlının sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, ilk mərhələdə sürücü cəriməni və evakuator xidmətinin haqqını ödəyərək avtomobilini götürür. Lakin sonradan şikayət araşdırılarkən müəyyən olunsa ki, vətəndaşın heç bir təqsiri olmayıb, o zaman ödədiyi vəsait ona geri qaytarılmalıdır.
Ekspert hesab edir ki, bu dəyişiklik fundamental yenilik olmasa da, vətəndaş hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır.
"İstənilən halda, hər hansı qanunsuz və ya əsassız cərimə tətbiq olunubsa, həmin məsələ araşdırılmalıdır. Araşdırma nəticəsində vətəndaşın haqlı olduğu müəyyən edilərsə, ona dəyən zərər ödənilməlidir", – deyə o bildirib.
Elməddin Muradlı əlavə edib ki, bu prinsip yalnız evakuasiya xərclərinə deyil, digər inzibati cərimələrə də şamil olunmalıdır. Onun sözlərinə görə, vətəndaş cərimədən şikayət etdikdə və araşdırma nəticəsində haqlı olduğu təsdiqləndikdə, ya ödədiyi cərimə geri qaytarılmalı, ya da onun barəsində qəbul edilmiş qərara xitam verilməlidir.
Ekspert vurğulayıb ki, yeni qaydanın əsas mahiyyəti ondan ibarətdir ki, avtomobil cərimə meydançasına aparıldığı və sürücü evakuasiya xərclərini ödədiyi halda, sonradan onun haqlı olduğu sübuta yetirilərsə, həmin xərclər də vətəndaşa geri qaytarılmalıdır. Bu yanaşma həm hüquqi ədalətin təmin edilməsinə, həm də sürücülərin hüquqlarının daha etibarlı qorunmasına xidmət edir.
Gülnaz Abdullazadə
