Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani arasında Beştəpədə keçirilən görüşdən sonra baş tutan imzalama mərasimində gözlənilməz an yaşanıb. İki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan sənədlər ardıcıl imzalanarkən, İraqın nəqliyyat naziri Rəzzak Muheybes əs-Sədavi “İnkişaf Yolu” layihəsi ilə bağlı müqaviləni dərhal imzalamayıb.
Bundan sonra Baş nazir Məhəmməd Şiya əs-Sudani vəziyyətə müdaxilə edərək nazirə sənədi iştirakçıların qarşısında imzalamağı tapşırıb. Baş nazirin göstərişindən sonra nazir sənədi imzalayıb və mərasim davam edib.
İlk anda nazirin müqaviləni imzalamaqdan imtina etməsi müxtəlif suallar doğursa da, sonradan bunun siyasi fikir ayrılığı ilə bağlı olmadığı bildirilib.
Referans Media bildirir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Kazım Kazımov deyib ki, İraqla Türkiyə arasında yaxınlaşma regional müstəvidə müsbət qiymətləndirilməlidir:
“Xüsusilə Kərkük bölgəsindəki neft ehtiyatlarının hasilatında Türkiyənin 15 faiz pay əldə etməsi qardaş ölkənin enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, İraqdan Türkiyəyə gündəlik 1 milyon barel neftin ixracı da müsbət göstəricidir.
İqtisadi əlaqələrin genişlənməsi həm İraqın, həm də bütövlükdə Yaxın Şərqin iqtisadi inkişafına müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, hazırda Körfəz və Yaxın Şərq ciddi münaqişələrlə üz-üzədir, belə əməkdaşlığın genişlənməsi regionun gələcəyi baxımından əhəmiyyətlidir. Hətta hesab edirəm ki, gələcəkdə bu layihələrin Orta Dəhlizə inteqrasiyası da mümkündür.
Digər tərəfdən, baş verən hadisəyə baxdıqda, ilk anda imza böhranı təsiri yaransa da, bunun siyasi deyil, texniki məsələ olduğu barədə versiyalar da var. Mən də bunun kiçik texniki detal olduğunu düşünürəm. Nəticə etibarilə iki ölkə arasında beş mühüm müqavilə imzalanıb və əsas diqqət də məhz buna yönəlməlidir”.
