Maaş və pensiyalarla bağlı YENİ XƏBƏR: Sentyabr-oktyabr aylarında...

Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması məqsədilə sentyabr-oktyabr aylarından etibarən yeni mexanizmlərin tətbiqini planlaşdırır. Ekspertlər hesab edirlər ki, bu dəyişiklik banklar arasında rəqabəti gücləndirəcək, vətəndaşların seçim imkanlarını genişləndirəcək və xidmət keyfiyyətinin yüksəlməsinə şərait yaradacaq.

Referans Media-nın suallarını cavablandıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc yeni yanaşmanın bank sektoruna və vətəndaşlara təsirlərini dəyərləndirib.

Vüqar Orucun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı tənzimlədiyi sektorda rəqabətin genişlənməsi, şəffaflığın və maliyyə hesabatlılığının təmin olunması, eləcə də bazar iştirakçıları üçün bərabər şəraitin yaradılması istiqamətində ardıcıl addımlar atır. O, bunu təqdirəlayiq qərar kimi qiymətləndirib.

Ekspert bildirib ki, maaş və pensiya kartları bazarında yeni mexanizmlərin tətbiqi əvvəllər yalnız bir neçə bankın fəaliyyət göstərdiyi sahədə rəqabətin formalaşmasına imkan verəcək. Bununla da vətəndaşlar pensiya kartı üzrə bank seçimində daha sərbəst olacaq, banklar isə müştəri cəlb etmək üçün rəqabət aparacaqlar.

Onun sözlərinə görə, artıq pensiya kartları bazarında istifadəçilər uğrunda rəqabət yaranacaq. Banklar daha çox müştəri cəlb etmək məqsədilə keşbek, endirim, bonus və digər təşviq proqramları təqdim etməyə çalışacaqlar.

V.Oruc hesab edir ki, bu qərar pensiya kartları sistemində monopoliyanın aradan qaldırılması və bütün banklar üçün bərabər rəqabət mühitinin yaradılması baxımından mühüm addımdır. Onun fikrincə, qərar ölkədə maliyyə şəffaflığı və hesabatlılığı prinsiplərinə də uyğundur.

Ekspert bildirib ki, analoji yanaşmanın digər sektorlarda da tətbiqi azad rəqabətin inkişafına töhfə verə bilər. O qeyd edib ki, belə bir mühitdə əsas qazanan tərəf vətəndaşlar olacaq. Çünki onların seçim imkanları genişlənəcək, banklar isə müştəriləri cəlb etmək üçün daha əlverişli şərtlər təklif etməyə məcbur olacaqlar.

V.Orucun sözlərinə görə, yeni mexanizmlər xidmət haqlarının optimallaşdırılmasına da müsbət təsir göstərəcək. Banklar rəqabət şəraitində daha aşağı xidmət haqları müəyyən etməyə çalışacaq, bu isə vətəndaşlar üçün daha sərfəli şərtlərin formalaşmasına səbəb olacaq.

O əlavə edib ki, xidmət keyfiyyəti də yüksələcək. Banklar daha keyfiyyətli xidmət göstərmək, keşbek, endirim kampaniyaları, bonuslar və digər üstünlüklər təqdim etməklə müştəri məmnuniyyətini artırmağa çalışacaqlar.

Ekspert bildirib ki, hazırda pensiya kartlarının təqdim olunması hesabına əhəmiyyətli maliyyə resursu əldə edən banklar da yeni rəqabət şəraitində fəaliyyətlərini diversifikasiya etməyə məcbur olacaqlar. Onlar digər bank məhsulları və xidmətləri üzrə fəaliyyətlərini genişləndirəcək, kredit siyasətinə yenidən baxacaq və gəlirlərini qorumaq üçün yeni istiqamətlər inkişaf etdirəcəklər.

Sonda Vüqar Oruc vurğulayıb ki, bu proses bütövlükdə bank sistemi üçün mühüm uğur, vətəndaşlar üçün isə ciddi üstünlük olacaq. O, Mərkəzi Bankın bu addımını yüksək qiymətləndirərək digər tənzimləyici qurumları da, o cümlədən qiymətləndirmə sektorunu, azad rəqabətin təşviqi baxımından bu təcrübədən faydalanmağa çağırıb.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki