Avropa Parlamentində fəaliyyət göstərən Avropa Mühafizəkarları və İslahatçılar (ECR) Qrupu Avropanın demoqrafik gələcəyi ilə bağlı diqqətçəkən hesabat yayıb.
Referans Media xəbər verir ki, hesabatda aşağı doğum səviyyəsi və artan miqrasiya axınlarının birləşməsinin qitədə uzunmüddətli və geri dönüşü çətin bir demoqrafik dəyişiklik yarada biləcəyi bildirilir.
“Strateji təhlükə” kimi qiymətləndirilir
Sənəddə Avropada bir çox ölkədə doğum səviyyəsinin əhalinin özünü bərpa həddindən aşağı düşdüyü vurğulanır. Bu vəziyyətin xüsusilə yaşlanan əhali problemini daha da dərinləşdirdiyi, eyni zamanda əmək bazarı, sosial təminat sistemi və iqtisadi dayanıqlılığa təzyiq göstərdiyi qeyd olunur.
“ECR” bu tendensiyanı sadəcə statistik dəyişiklik deyil, Avropanın gələcəyini birbaşa təsir edən strateji məsələ kimi qiymətləndirir.
Miqrasiya demoqrafik balansı dəyişir
Hesabatda miqrasiya proseslərinə də geniş yer verilir. Bildirilir ki, Avropaya miqrasiya axınlarının artması bəzi ölkələrdə demoqrafik strukturu sürətlə dəyişdirir. Bu prosesin nəzarətsiz və ya zəif planlaşdırılmış şəkildə davam etməsi “əhalinin yer dəyişməsi” adlandırılan nəticəyə gətirib çıxara bilər.
Bu anlayış yerli əhalinin payının azalması, miqrant mənşəli əhalinin isə artması ilə cəmiyyətin struktur dəyişməsi kimi izah olunur.
Ailə siyasətinə çağırış
“ECR” Avropa ölkələrinə doğum səviyyəsini artırmaq üçün daha güclü ailə siyasətləri tətbiq etməyi tövsiyə edir. Təkliflər arasında gənc ailələrə maliyyə dəstəyi, uşaq sahibi olmağın stimullaşdırılması, sosial şəraitin yaxşılaşdırılması yer alır.
Nəzarətli miqrasiya çağırışı
Qrup miqrasiyanın tam dayandırılmasını deyil, daha planlı və nəzarətli şəkildə idarə olunmasını təklif edir. Hesabatda həmçinin inteqrasiya siyasətlərinin gücləndirilməsinin vacibliyi vurğulanır.
“Gələcək nəsillər üçün həlledici mərhələ”
“ECR”yə görə, Avropanın gələcəyi təkcə iqtisadi və siyasi amillərlə deyil, həm də demoqrafik sabitliklə müəyyən olunacaq. Buna görə də mövcud tendensiyaların uzunmüddətli nəticələri ciddi şəkildə nəzərə alınmalıdır.























