Azərbaycan əhalisinə ŞAD XƏBƏR: Eviniz və ya torpağınız dövlət layihəsinə düşərsə nə baş verəcək? – Yeni Qaydalar

Torpağını itirən vətəndaşa artıq təkcə pul deyil, alternativ torpaq da təklif oluna bilər. Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər mülkiyyət münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilsə də, ekspertlər prosesin şəffaf aparılmaması halında yeni mübahisələrin yarana biləcəyi barədə xəbərdarlıq edirlər.

Mövzu ilə bağlı Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, bu mexanizm bir tərəfdən müsbət təsir göstərəcək.

Onun sözlərinə görə, əvvəllər dövlət tərəfindən müxtəlif layihələrin icrası zamanı vətəndaşların torpaq sahələri alınarkən əsasən kompensasiya ödənilirdi və bu da bir çox hallarda narazılıqlara səbəb olurdu:

“Vətəndaş ya nəticədən razı qalırdı, ya da qalmırdı. Nəticədə çoxsaylı məhkəmə çəkişmələri yaranırdı. İndi isə dəyişiklikdə vətəndaşın razılığı xüsusi olaraq qeyd olunub”.

Ekspert bildirib ki, yeni mexanizmdə vətəndaşa iki alternativ təqdim edilir – kompensasiya və ya alternativ torpaq sahəsi:

“Bu da müsbət xüsusiyyətdir. Çünki bəzi hallarda vətəndaş öz torpaq sahəsini dəyişmək istəmir və gündən-günə bahalaşan əmlak qiymətləri fonunda aldığı kompensasiya ilə eyni ölçüdə və eyni ərazidə torpaq almaqda çətinlik çəkir. Bu baxımdan dəyişiklik müsbət hadisədir”.

V.Oruc vurğulayıb ki, əsas məsələ qanunun necə icra olunacağıdır:

“Əgər qanun şəffaf şəkildə və vətəndaşın maraqları nəzərə alınmaqla icra olunarsa, Torpaq Məcəlləsinə edilən dəyişiklik çox mühüm hadisə kimi qiymətləndirilə bilər. Əsas məsələ məmurların onu necə icra etməsidir”.

Onun sözlərinə görə, torpağa qarşı torpaq təklif edilərkən bəzi risklər də mövcuddur:

“Bir çox hallarda daha əlverişli ərazidə yerləşən torpaq sahəsinin əvəzində daha az əlverişli və dəyəri aşağı olan torpaq təklif oluna bilər. Belə halların qarşısını almaq üçün mütləq qiymətləndirmə aparılmalı və bu proses şəffaf həyata keçirilməlidir. Torpağa qarşı torpaq prinsipi həmin torpağın real dəyərinə uyğun şəkildə tətbiq edilməlidir”.

Ekspert qeyd edib ki, dünya təcrübəsində bu cür hallarda bir neçə qiymətləndirmə rəyi tələb olunur:

“Torpaq sahəsinin dəyəri, kompensasiya məbləği və ya alternativ torpaq sahəsinin uyğunluğu müəyyənləşdirildikdən sonra təklif irəli sürülür. Əgər təqdim olunan torpaq əvvəlki torpaq sahəsi ilə eyni dəyərə malik deyilsə, əlavə ödəniş mexanizmləri tətbiq olunur”.

V.Oruc hesab edir ki, dəyişiklik vətəndaşın hüquqlarını daha da gücləndirir:

“Qanunun özü mütərəqqi qanundur. Vətəndaşa imkan yaradır ki, əmlakının qarşılığında əmlak tələb etsin. Eyni zamanda vətəndaşın razılığının xüsusi vurğulanması mühüm məqamdır. Dünya təcrübəsində də mülkiyyət hüququ ali və toxunulmaz hüquq hesab olunur”.

Ekspert əlavə edib ki, qiymətləndirmə prosesi müstəqil şəkildə həyata keçirilməlidir:

“Qiymətləndirməni nə hansısa komissiya, nə də dövlət qurumları deyil, ‘Qiymətləndirmə fəaliyyəti haqqında’ qanuna uyğun olaraq qiymətləndirmə şirkətləri aparmalıdır. Vətəndaşa da hüquq verilməlidir ki, qiymətləndirici tərəfin seçilməsində onun da razılığı nəzərə alınsın. Bu halda nəticələr daha obyektiv olar və hər iki tərəf tərəfindən qəbul edilər”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki