image-1prbackend

Azərbaycan son 80 ildə bunu edən ilk ölkə oldu: İki bölgədə mühüm yenilik

“Cənab Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura hər dəfə səfər edərkən, orada görülən işlərlə tanış olarkən və xüsusilə də yerli sakinlərlə görüş keçirərkən proseslərin hansı mərhələdə olduğundan həm Azərbaycan ictimaiyyəti xəbər tutur, həm də beynəlxalq auditoriya ətraflı məlumat alır. Cənab Prezident Ağdərədə etdiyi açılışlarla və verdiyi açıqlamalarla strateji istiqamətlərin təməlini qoydu. Qarabağ və Şərqi Zəngəzurun bərpası qədər, dövlət başçımızın buradan verdiyi mesajlar da olduqca önəmli istiqamətlərdir”.

Referans Media  xəbər verir ki , bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq bildirib ki, 2023-cü ildən etibarən Ağdərədə, Xocalıda, Xankəndidə, Xocəvənddə həyat demək olar sıfırdan qurulur:

“Həm keçmiş köçkün, həm də köçkün olmayan, azad edilmiş ərazilərdə işləyən, oxuyanlar, bütövlükdə 73 min insan bölgədə məskunlaşır. Qarabağa qayıdan vətəndaşlarımızın sayı çoxalır. İşıq, su, qaz, yollar və iş yerləri baxımından əhali hərtərəfli olaraq təmin edilir.

Qozlukörpü kəndində 15 meqavat gücündə su elektrik stansiyasının təməlinin qoyulması nə qədər mühüm və önəmlidirsə, burada estesal olunan enerjinin Azərbaycanın başqa bölgələrinə də ötürülməsi bir o qədər əhəmiyyət kəsb edən məsələdir. “Dəmirli” Filiz Emalı Kompleksində minə yaxın müəssisənin yaradılması iş yeri baxımından artıq problemlərin aradan qaldırıldığından xəbər verir. Bu işdə həm dövlət, həm də özəl sektorun tərəfdaşlığını görürük.

Dövlət başçımız bir daha Azərbaycan xalqının məğrurluğunu dünyaya çatdırdı. Cənab Prezident bildirdi ki, ədalətsizliklər olsa da, biz onların qarşısında sınmadıq, əyilmədik, dəmir iradəmizi ortaya qoyduq və son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazınan ikinci bir ölkə olmayıb. Məhz Prezidentin uzaqgörən siyasəti nəticəsində Kəlbəcər, Laçın, Ağdamda şəhidlər vermədik. Azərbaycan xalqının yarasının üstündən yara açılmadı. Məhz bu, uzaqgörən Prezidentimizin siyasətinin nəticəsidir”.

Politoloq qeyd edib ki, dövlət başçısının planı ərazini sənaye və turizm mərkəzi olaraq formalaşdırmaqdır:

“Yerli sakinlərin Müzəffər Ali Baş Komandana göstərmiş olduğu münasibət, ünvanına səsləndirilən fikirlər ondan xəbər verir ki, cənab Prezident İlham Əliyev Azərbaycanın hər bir ocağının ən sevilən qonağıdır. Şəhid analarının, şəhid valideynlərinin Müzəffər Ali Baş Komandana minnətdarlıq etməsi, habelə şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması baxımından atılan yeni addımlar onların dövlət başçımızın hər zaman diqqətində olduqlarını göstərir.

Bu dəfə Ağdərədə Xüsusi Əməliyyət Mərkəzinin də təməli qoyuldu. Azərbaycanın müdafiə sənayesi inkişaf edir, beynəlxalq hərbi əməkdaşlıq üzrə sazişlər imzalanır və qarşıda duran əsas məsələlərdən biri bu istiqamətdə tədbirlərin intensiv xarakter alması, təlimlərin və kursların keçirilməsidir ki, həmin bu mərkəz sözügedən istiqamətdə çox mühüm işlərə evsahibliyi edəcək.

Mərkəzin ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi ondan xəbər verir ki, Azərbaycan ordusunun sağlam əsaslarla qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlət başçımızın hədəfləri arasında ilk yerlərdə dayanır. İllər boyu mənfur düşmən təşkilatlanmaq üçün yüz milyonlar dəyərində pullar toplayırdı. Lakin həmin bu vəsaitin heç birini əraziyə qoymayıblar, əksinə, talayıblar. Azərbaycanlıların evlərini yandırıblar, özlərini didərgin salıblar. Amma Azərbaycan artıq o torpaqlara yeni bir nəfəs verir. Düşmənin məqsədi bölgədən izimizi tamamilə silmək idi. Ona görə hətta Xocalıya da çox eybəcər bir ad vermişdilər. Amma dövlət başçımızın siyasəti bu planların hər birinin üzərindən xətt çəkdi.

Prezidentin bu dəfə də Ağdərə rayonuna səfəri, orada reallaşdırdığı açılışlar, ötürdüyü mesajlar xüsusi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur abadlaşır, qurulur, yenidən yaradılır və bu işdə də dövlətin və xalqın həmrəyliyinin şahidiyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki