Azərbaycan yəhudilərini öz ətrafında birləşdirən hüquq müdafiə təşkilatı Magen David Azerbaijan Azərbaycanda insan hüquqları ilə bağlı Avropa Parlamentinin P10_TA(2025)0339 saylı qətnaməsinə rəsmi hüquqi cavab yayıb.
Referans Media xəbər verir ki, təşkilatın açıqlamasında vurğulanır ki, sözügedən qətnamə siyasi xarakter daşıyır və məhkəmə-hüquqi qiymətləndirməni əvəz edə bilməz.
Xüsusilə, “təxminən 400 siyasi məhbus”la bağlı iddialar hüquqi baxımdan əsassız sayılır. Bildirilir ki, bu iddialar Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə təsdiqlənmir və təqsirsizlik prezumpsiyası prinsipinə ziddir.
Açıqlamada qeyd olunur ki, qətnamədə adı çəkilən şəxslər – o cümlədən İqbal Abilov və Bəhruz Səmədov akademik və ya siyasi fəaliyyətlərinə görə deyil, dövlətə xəyanət ittihamı ilə məhkum ediliblər. Təşkilat bildirir ki, nə Avropa hüququ, nə də AİHM-in formalaşmış məhkəmə təcrübəsi peşə və ya siyasi statusa görə cinayət məsuliyyətindən immunitet nəzərdə tutur.
Magen David Azerbaijan bəyan edib ki, milli təhlükəsizliklə bağlı cinayət işləri üzrə qapalı məhkəmə iclaslarının keçirilməsi həm Azərbaycan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Konvensiyasına uyğundur. Qeyd olunur ki, qapalı məhkəmə formatının özü prosessual təminatlar qorunduğu halda hüquq pozuntusu hesab edilə bilməz.
Təqsirləndirilən şəxslərin dərhal azad edilməsi və mümkün sanksiyalarla bağlı çağırışlara toxunan təşkilat bu tələblərin məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipinə zidd olduğunu və nə Aİ hüququnda, nə də Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmadığını vurğulayıb.
Yekunda bildirilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı olaraq qalır, AİHM-in qərarlarını icra edir və Avropa Parlamentinin qətnamələrini məcburi hüquqi qüvvəyə malik olmayan siyasi sənədlər kimi qiymətləndirir.
Sənəd Magen David Azerbaijan təşkilatının direktoru David Seliverstov tərəfindən imzalanıb.






















