Azərbaycanda cinsi infeksiyalar çoxalıb – Həkimlər xəbərdarlıq edir backend

Azərbaycanda cinsi infeksiyalar çoxalıb – Həkimlər xəbərdarlıq edir 

  Son illərdə cinsi yolla keçən infeksiyaların (CYKİ) yayılmasında ciddi artım müşahidə olunur. Mütəxəssislərin sözlərinə görə, bu xəstəliklər artıq cəmiyyətdə nadir hal deyil, əksinə, gündəlik tibbi praktikada daha sıx rast gəlinir.

Sfera.az-a bu haqda açıqlama verən Avropa Androloqlar Akademiyasının üzvü, uzman uroloq-androloq Dr. Araz Bayramov cinsi yolla keçən infeksiyalarla bağlı ciddi xəbərdarlıq edib.

“Reallıq budur ki, sifilis, HİV/QİÇS və qonoreya kimi xəstəliklər tüğyan edir. Bunlar təkcə şəxsi sağlamlığa deyil, eyni zamanda ümumi ictimai səhiyyəyə də təhlükə yaradır. Təcrübəmdə hər iki cinsdə bu infeksiyalara çox rast gəlirəm”, – deyə o, bildirib.

Mütəxəssis qeyd edib ki, CYKİ-lərin əlamətləri hiss edilən zaman mütləq həkimə müraciət edilməlidir:

“Sifilis xəstəliyinin ilkin mərhələsi cinsiyyət orqanları və ya ağız ətrafında yaranan, ağrısız, sərt yara (şankr) ilə özünü göstərir. İkinci mərhələdə bədənin müxtəlif hissələrində səpkilər, limfa düyünlərinin böyüməsi, halsızlıq kimi əlamətlər baş qaldırır. Əgər vaxtında müalicə olunmazsa, sinir sistemi, ürək və damar sistemi zədələnə bilər”.

Digər təhlükəli infeksiyalardan biri isə HİV/QİÇS – İnsan İmmunçatışmazlığı Virusudur (HİV).

Həkim dedi ki, bu xəstəlik orqanizmin müdafiə sistemini zəiflədir:

“Uzun müddət simptomsuz qala bilər, lakin virus aktivləşdikcə tez-tez xəstələnmə, arıqlama, ağız yaraları və infeksiyalara qarşı həssaslıq artır. Nəticədə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) mərhələsi inkişaf edir ki, bu da həyat üçün ciddi təhlükə yaradır”.

Qonoreya (triplə) də təhlükəli infeksiya hesab olunur. Həkimin sözlərinə görə, bu xəstəlik kişilərdə sidik ifrazında yanma, ağrı və irinli axıntı ilə müşayiət olunur. Qadınlarda isə əksər hallarda simptomsuz keçə bilər, amma irəliləyən mərhələlərdə qarınaltı ağrılar, sonsuzluq riski və uşaqlıqdankənar hamiləliklərə səbəb olma ehtimalı var.

Dr. Bayramov qeyd etdi ki, bu infeksiyalardan qorunmaq üçün ən təsirli üsullardan biri qoruyucu vasitələrdən – kişi və qadın prezervativlərindən istifadədir. Eyni zamanda, xüsusilə də cinsi aktiv şəxslər üçün vaxtaşırı tibbi müayinələr vacibdir:

“Kişilərdə ultrasəs müayinəsi zamanı prostat vəzində çapıq izləri gördükdə, bu, keçmişdə və ya aktiv infeksiyaların əlaməti ola bilər. Bu hallarda dərhal yaxma analizi və laborator testlər tövsiyə edirəm. Sadə analizlərlə diaqnoz qoymaq mümkündür, lakin əsas məsələ insanın vaxtında həkimə müraciət etməsidir”.

Dr. Bayramovun fikrincə, bu sahədə əsas problem insanların hələ də CYKİ-lərlə bağlı kifayət qədər məlumatlı olmamasıdır. Çoxları infeksiyanı ilkin mərhələdə hiss etmədiyindən onu digər insanlara yoluxdurur:

“Təəssüf ki, bir çox insan bu xəstəliklərdən utanır və ya həkimə getməkdən çəkinir. Halbuki erkən diaqnoz və düzgün müalicə həyat xilas edə bilər. Gənclər arasında bu barədə maarifləndirmə aparılmalı, məktəb və universitet səviyyəsində təhsil proqramlarına daxil edilməlidir”.

B


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki