Son günlər Azərbaycanda müşahidə olunan mülayim və günəşli hava şəraiti, temperaturun mövsümə uyğun dəyişməsi diqqət çəkir. Payız aylarında havaların nisbətən isti keçməsi və yağıntıların müşahidə olunması bu dəyişikliklərin səbəbləri ilə bağlı suallar yaradır. Bəs hazırkı hava şəraiti ekoloji risklər yaradırmı və qarşıdakı dövrdə hansı hava dəyişiklikləri gözlənilir?
Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, hazırkı hava şəraiti heç bir ekoloji risk yaratmır və narahatlığa əsas yoxdur.
Onun sözlərinə görə, oktyabr payızın gözəl aylarından biridir və insanlar günəşli havadan faydalanmalıdırlar. Ekoloq qeyd edib ki, hazırda müşahidə olunan yağıntılar da anomal deyil, normal xarakter daşıyır.
Qorxmaz İbrahimli havaların isti keçməsinin səbəbini bir müddət əvvəl Azərbaycanın ərazisinə cənubdan daxil olan isti hava cərəyanları və hava kütlələri ilə əlaqələndirib. Onun sözlərinə görə, həmin hava kütlələri havanın xeyli istiləşməsinə və mülayimləşməsinə səbəb olub.
Ekoloq bildirib ki, qarşıdakı bir neçə gün ərzində də hava xoş və günəşli olacaq. Gələn ay yağışlı günlərin müşahidə olunacağını qeyd edən Qorxmaz İbrahimli anomal yağıntıların olacağını gözləmədiyini vurğulayıb.
O əlavə edib ki, havanın istiləşməsi və temperaturun dəyişməsi payız mövsümünə, eləcə də Azərbaycanın yerləşdiyi mülayim subtropik iqlim qurşağının xüsusiyyətlərinə uyğundur. Ekoloqun fikrincə, hazırkı hava şəraiti baxımından narahatlığa əsas yoxdur.
Gülnaz Abdullazadə
