Axşam saatlarında Türkiyədə əhaliyə güclü zəlzələ ilə bağlı xəbərdarlıq edilib. Bu gün səhər saatlarında isə Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu hadisələr Azərbaycan sakinlərini də narahat edir. Azərbaycanda da yaxın vaxtlarda zəlzələ gözlənilirmi?
Referans Media-ya açıqlamasında Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki, Türkiyə və Azərbaycan seysmik bölgədə yerləşdiyinə görə bu ərazilərdə istənilən vaxt zəlzələ ehtimalı var və belə hadisələr mümkündür. Onun sözlərinə görə, son iki gündə Şamaxı ərazisində zəif maqnitudalı zəlzələlər tez-tez qeydə alınır və bu, qanunauyğun haldır.
“Çünki bu ərazilər, Türkiyə və Qafqaz da daxil olmaqla, Afrika və Ərəbistan litosfer tavalarının təsiri altındadır. Bu nəhəng plitələr fasiləsiz olaraq sıxılma yaradır. Böyük litosfer tavaları müəyyən qədər bu təzyiqə davam gətirsə də, kiçik maqnitudalı zəlzələlərin baş verməsi labüddür”, – deyə o qeyd edib.
Ə.Əliyev bildirib ki, Kuril adalarının yerləşdiyi ərazi dünyanın ən aktiv seysmik zonalarından biridir. “Planetin üç əsas seysmik qurşağı var: Sakit okeanın şərq sahili, qərb sahili və Alp-Himalay qurşağı. Fransa ərazisindən başlayaraq İndoneziyaya qədər uzanan Alp-Himalay seysmik qurşağına Azərbaycan da daxildir”, – deyə o vurğulayıb.
Ekspertin sözlərinə görə, Azərbaycanda ən aktiv zonalardan biri Böyük Qafqazın cənub-şərq hissəsində, Şamaxı şəhərindən bir neçə kilometr şərqə – Bakı istiqamətinə doğru uzanan və Bakı-Abşeron yarımadası vasitəsilə Xəzər dənizinə qədər davam edən ərazilərdir. “Bu zona ölkə ərazisində ən aktiv sahələrdən hesab olunur. Naxçıvan ərazisində və Böyük Qafqazın bəzi digər hissələrində də seysmik baxımdan aktiv zonalar mövcuddur və burada daha güclü zəlzələlər baş verə bilər”, – deyə o əlavə edib.
Ənvər Əliyev bildirib ki, bu ərazilər daha aktiv zəlzələ zonaları kimi nəzərə alınmalı və gələcəkdə aparılan bütün tikinti-quraşdırma işləri həmin seysmik xüsusiyyətlərə uyğun hesablanmalıdır.
“Ölkə ərazisinin istənilən nöqtəsində zəlzələnin baş verməsi mümkündür və bu, təbii prosesdir. Bundan qorxuya düşmək lazım deyil. Əsas məsələ tikinti sənayesinin seysmik tələblərə ciddi şəkildə əməl etməsidir”, – deyə o fikrini yekunlaşdırıb.
Gülnaz Abdullazadə























