image-zelzele_2backend

Azərbaycanda güclü zəlzələ OLACAQ? — SON DƏQİQƏ AÇIQLAMASI GƏLDİ

Xəzər dənizində qeydə alınan zəlzələdən sonra paytaxtda mümkün risklərlə bağlı narahatlıq artıb. Mütəxəssislər isə bildirir ki, bu cür yeraltı təkanlar təbii prosesin bir hissəsidir və ciddi təhlükə yaratmır.

image-enver-eliyevMövzu ilə bağlı Referans Media-ya açıqlama verən Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bildirib ki,  baş verən zəlzələlərdən sonra müəyyən səs-küyün yaranması normaldır.

Onun sözlərinə görə, ən güclü zəlzələlərdən sonra belə daha zəif yeraltı təkanlar – afterşoklar müşahidə olunur: “Sonrakı təkanlar nisbətən zəif olur. Xəzərdə baş verən zəlzələ də orta dərəcəli sayılır. Bundan sonra baş verən afterşokların da tədricən azalması müşahidə olunur və yeraltı enerjinin boşalması baş verir”.

Ə. Əliyev qeyd edib ki, zəlzələlər Yer kürəsinin quruluşu ilə bağlı təbii prosesdir: “Yer kürəsində bir neçə litosfer təbəqəsi var və onlar daim hərəkətdədir. Bu hərəkət nəticəsində toqquşmalar baş verir və nəticədə təzyiq yaranır. Biz dünyanın üç ən böyük seysmik zonasından birində yerləşirik. Bu zona Fransanın şimalından başlayaraq İndoneziyaya qədər uzanır. Ona görə də bu ərazilərdə zəlzələlərin olması normal haldır və ciddi qorxuya əsas vermir”.

Mütəxəssis vurğulayıb ki, Bakı yüksək seysmik riskli ərazi hesab olunmur: “Bakıda güclü zəlzələlər çox nadir hallarda baş verir. Xəzər dənizində də belə hallar tez-tez müşahidə olunmur. Paytaxtda 1000 illərlə yaşı olan tarixi abidələrin bu günə qədər qalması da bunu göstərir. Ona görə də narahat olmağa dəyməz”.

O əlavə edib ki, zəlzələlərin əvvəlcədən dəqiq proqnozlaşdırılması mümkün deyil: “Seysmik aktivliyin hansı səviyyədə olacağını və ya riskin nə qədər olduğunu heç kim dəqiq deyə bilməz. Zəlzələ elə təbii hadisədir ki, onu əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan ən vacib məsələ müasir və dayanıqlı texnologiyalarla binaların tikilməsidir”.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki