Azərbaycanda xroniki mieloid leykoz xəstəliyi ilə qeydiyyatda olan şəxslərin sayı son 15 ildə kəskin artıb. 2008-ci ildə 99 nəfər təşkil edən xəstə sayı 2023-cü ildə 1 219 nəfərə çatıb. Bu, təxminən 12,3 dəfə artım deməkdir.
Statistikadakı bu dəyişiklik xəstəliyin yayılma səbəbləri, erkən diaqnostikanın vəziyyəti və müalicə imkanları ilə bağlı suallar doğurur. Bəs artımın səbəbi nədir: xəstələnmə hallarının çoxalması, yoxsa aşkarlanma və qeydiyyat sisteminin təkmilləşməsi? Azərbaycanda bu xəstəliyin qarşısının alınması və vaxtında aşkarlanması üçün hansı imkanlar mövcuddur?
Onkoloq, tibb üzrə fəlsəfə doktoru Fərid Museyibov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin həm "gəncləşməsində", həm də artmasında bir sıra amillər rol oynayır: “Bu amillər arasında düzgün olmayan qidalanma, fastfud məhsullarından, ultraemal olunmuş ət məhsullarından istifadə, tütün və tütün məmulatlarının qəbulu, eləcə də alkoqoldan sui-istifadə xüsusi yer tutur. Xüsusilə uşaqlar arasında fastfud qidalarına maraq böyükdür. Son zamanlar gənclər arasında da tütün və tütün məmulatlarından geniş istifadə halları müşahidə olunur. Bütün bunlar həm böyüklər, həm də uşaqlar arasında onkoloji xəstəliklərin artmasına və daha erkən yaşlarda meydana çıxmasına təsir edən amillər sırasındadır.
Uşaqlarda onkoloji xəstəliklərin yaranmasında genetik faktorlar da mühüm rol oynayır. Bildiyimiz kimi, genetik meyillilik bu xəstəliklərin səbəblərindən biridir. Digər tərəfdən, son zamanlar uşaqlar telefon, iPad və digər planşetlərdən həddindən artıq istifadə edirlər. Simsiz rabitə texnologiyalarının, o cümlədən Wi-Fi şəbəkələrinin hər yerdə mövcud olması da müzakirə olunan məsələlərdəndir. Xroniki mieloid leykozun yaranma səbəblərindən biri kimi şüalanma faktoru da göstərilir. Buna görə də uşaqların elektron cihazlardan istifadəsinə diqqət yetirilməsi, sağlam və təbii qidalanmaya üstünlük verilməsi vacibdir”.
Həkim qeyd edib ki, şəkərli məhsulların və qazlı içkilərin həddindən artıq istehlakı da sağlamlıq baxımından narahatlıq doğurur: “Son statistik məlumatlar onkoloji xəstəliklərin yaranmasında qidalanma faktorunun əhəmiyyətini göstərir. Xüsusilə uşaqlar şirniyyatdan, tərkibində şəkər olan qazlı içkilərdən həddindən artıq istifadə edirlər. Bu cür qidalanma sağlamlıq üçün risklər yaradır və xəstəliklərin artmasına təsir edən amillərdən biri kimi nəzərdən keçirilməlidir”.
Fərid Museyibov vaxtında həkimə müraciətin və valideyn nəzarətinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, uşaqların sağlamlığına diqqət yetirilməsi, orqanizmdə müşahidə olunan dəyişikliklərin vaxtında fərq edilməsi xəstəliyin erkən aşkarlanması baxımından əhəmiyyətlidir: “Valideynlər uşaqlarının sağlamlığına xüsusi diqqət yetirməlidirlər. Məsələn, dəridə səbəbsiz qançırlar və ya izlər müşahidə olunarsa, bunu diqqətdən kənarda qoymaq olmaz. Belə hallarda vaxtında həkimə müraciət edilməli, müayinə aparılmalıdır. Xəstəliyin erkən aşkarlanması müalicənin nəticələri baxımından çox vacibdir”.
