Müddətsiz əlilliyi olanların nəzərinə: Heç kim sizi səbəbsiz müayinəyə çağıra bilməz

Müddətsiz əlilliyi olan şəxslərin yenidən tibbi müayinəyə cəlb edilməsi hansı hallarda mümkündür? Qanunvericilik belə şəxslərin təkrar müayinədən keçirilməsinə icazə verirmi? Bəs müvafiq qurumlar hansı əsaslarla vətəndaşı yenidən müayinəyə çağıra bilər?

Hüquqşünas MirCavid Miryev Referans Media-ya açıqlamasında bildirib ki, müddətsiz əlilliyi müəyyən edilmiş şəxslərin yenidən tibbi müayinəyə cəlb olunması yalnız qanunvericilikdə nəzərdə tutulan istisna hallarda mümkündür.

Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda öz əksini tapıb.

Əsaslı sübutlar olmadan təkrar müayinə mümkün deyil

MirCavid Miryev qeyd edib ki, qaydaların 3.7-ci bəndinə əsasən, TSEK-in əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildikdə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi şəxsi əyani müayinəyə cəlb edə bilər:

“Misal olaraq, əlilliyin təyin edilməsi zamanı saxta və ya həqiqətə uyğun olmayan tibbi sənədlərdən istifadə edildiyi aşkara çıxarılarsa, həmin şəxs yenidən tibbi müayinəyə cəlb oluna bilər, hətta cəlb olunmalıdır.

Agentlik müayinənin nəticələrinə əsasən TSEK-in əvvəlki qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir. Bu qərar həmin gün ərzində altsistemə daxil edilir”.

“Sadəcə gözümə yaxşı dəyirsən” deməklə müayinə təyin edilə bilməz

Hüquqşünasın sözlərinə görə, təkcə şübhənin olması müddətsiz əlilliyi olan şəxsin yenidən müayinəyə çağırılması üçün hüquqi əsas hesab edilmir:

“Qərardan da göründüyü kimi, təkcə şübhənin olması özlüyündə şəxsi yenidən müayinəyə cəlb etmək üçün əsas deyil. Bunun üçün mütləq tutarlı sübutlar olmalıdır.

Sadəcə vizual olaraq əlilliyi olan şəxsə baxıb ‘gözümə yaxşı dəyirsən’ və ya ‘müddətsiz əlilliyin olsa da, səni mütəmadi yoxlamaya cəlb edə bilərik’ deməklə müayinə təyin edilə bilməz.

Yekun olaraq qeyd etmək lazımdır ki, qanunvericilikdə nəzərdə tutulmuş istisna hallar xaricində müddətsiz əlillik təyin edilmiş şəxslərin yenidən tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmayıb”.

Vətəndaş qərardan narazıdırsa, hara müraciət etməlidir?

MirCavid Miryev əlavə edib ki, vətəndaş Agentliyin əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarından narazı qaldıqda şikayət etmək hüququna malikdir:

“Verilmiş şikayətlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 iş günü müddətində baxılır. Komissiyanın qərarları həmin gün ərzində altsistemə daxil edilir.

Əgər vətəndaş Komissiyanın qərarından da narazı qalarsa, inzibati qaydada aidiyyəti məhkəməyə ərizə ilə müraciət edə bilər”.

Beləliklə, müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi üçün qanuni əsas və bunu təsdiqləyən tutarlı sübutlar olmalıdır. Əks halda, şəxsin yalnız subyektiv mülahizələr əsasında yenidən müayinəyə çağırılması qanunvericilikdə nəzərdə tutulmayıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki