Azərbaycanda regionlarla paytaxt arasında səhiyyə xidmətlərinin keyfiyyət və əlçatanlıq baxımından fərqinin aradan qaldırılması üçün sistemli islahatlara ehtiyac var. Regionlarda müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar fəaliyyət göstərsə də, peşəkar tibbi kadr çatışmazlığı ciddi problem olaraq qalır. Bəs həkimlərin bölgələrdə işləməyə marağını necə artırmaq olar? Onları məcburi qaydada rayonlara göndərmək nə dərəcədə effektivdir?
Referans Media-ya açıqlama verən tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, regionlarda səhiyyənin inkişafı üçün ilk
növbədə mərkəzlə bölgələr arasında mövcud fərqlər aradan qaldırılmalı, peşəkar kadrların rayonlarda işləməsini təşviq edən mexanizmlər yaradılmalıdır.
Ekspertin sözlərinə görə, regionlarda xəstəxanaların müasir avadanlıqlarla təmin olunması müsbət hal olsa da, kadr çatışmazlığı bu imkanlardan tam istifadə etməyə mane olur:
“Əvvəla, elə bir şərait və sistem yaratmalıyıq ki, regionlarla mərkəz arasında ciddi fərq olmasın. Əlbəttə, bunun üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Bu gün regionlarda müasir avadanlıqlarla təchiz olunmuş xeyli klinika və xəstəxana var. Amma kadr potensialı yetərli deyil”.
Adil Qeybulla qeyd edib ki, əsas problemlərdən biri peşəkar həkimlərin rayonlarda işləməyə maraq göstərməməsidir. Onun fikrincə, bunun qarşısını almaq üçün həkimlərə real stimullar təqdim edilməlidir:
“Peşəkar kadrların rayonlara getməməsinin əsas səbəblərindən biri də budur. Əlbəttə, həkimin rayona getməsi üçün müəyyən stimullaşdırıcı tədbirlər lazımdır. Hazırda 65 yaşı tamam olmuş şəxslərin və rezidenturanı yeni bitirmiş həkimlərin rayonlara məcburi göndərilməsi ilə bağlı təkliflər səsləndirilir. Amma mən bunu real hesab etmirəm”.
Ekspert hesab edir ki, yeni məzun olmuş həkimləri təcrübə və peşəkar inkişaf imkanlarını nəzərə almadan rayonlara göndərmək düzgün yanaşma deyil:
“Birincisi, rayonlar cərimə batalyonu deyil ki, sırf kadr çatışmazlığına görə insanları ora göndərək. Rezidenturanı yeni bitirmiş şəxs də istəyir ki, normal şəraitdə işləsin, öz biliyini artırsın. Onun hələ təcrübəsi kifayət qədər olmaya bilər. Ona görə də peşəkar kadrların məhz rayonlarda işləməsi üçün real stimullaşdırıcı tədbirlər görülməlidir”.
Adil Qeybulla vurğulayıb ki, bu məsələnin həlli yalnız əməkhaqqının artırılması ilə məhdudlaşmamalıdır. Regionlarda həkimlərin peşəkar inkişafı, iş və yaşayış şəraiti, eləcə də digər sosial təminat məsələləri kompleks şəkildə nəzərdən keçirilməlidir:
“Burada təkcə əməkhaqqından söhbət getmir, çoxsaylı tədbirlər var. Dünya bu yolu keçib. Hesab edirəm ki, səhiyyənin təşkili ilə məşğul olan şəxslər beynəlxalq təcrübəni araşdırmalı və bunu Azərbaycanda da tətbiq etməlidirlər”.
Ekspertin fikrincə, regionlarda peşəkar tibbi kadrların yetişdirilməsi və saxlanılması üçün davamlı sistem qurulmasa, xəstəxanaların müasir avadanlıqlarla təchizatı gözlənilən nəticəni verməyəcək. Bu səbəbdən bölgələrdə səhiyyənin inkişafı inzibati məcburiyyətə deyil, həkimlər üçün cəlbedici iş və həyat şəraitinin yaradılmasına əsaslanmalıdır.
