Deputatdan rayonlar və siyasi partiyalarla bağlı təkliflər var.
Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihəsini müdafiə etdiyini bildirib.
Komitə sədri deyib ki, bəzi rayonlar, Xocavənd rayonu istisna olmaqla, dövlət dotasiyası almadan öz gəlirlərini toplamaqdadır:
“Həmin rayonlarda toplanan gəlirlərin 50%-i rayonda qalır. Mən hesab edirəm ki, bu göstəricini 70%-ə qaldırmaq olar. Çünki vətəndaşlar müraciətlərini əsasən rayon icra hakimiyyətlərinə edirlər və köməklik də onlardan gözləyirlər. Ona görə də yerli özünüidarəetmə sistemləri və yerli icra hakimiyyətlərinə bu əlavələr olunsun.
Ümumiyyətlə Azərbaycanda regionların sosial-iqtisadi inkişafı istiqamətində son illərdə hansı uğurlu layihələr həyata keçirilib?
Mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə Referans Media-ya açıqlamasında bildirib ki, Siyavuş Novruzov son dövrlər maraqlı təkliflərlə çıxış edir. Bu dəfə səsləndirdiyi təşəbbüs də diqqət çəkir. Böyük ehtimalla, həmin təklif müvafiq qurumlar tərəfindən dəyərləndiriləcək. Bununla yanaşı, məlumdur ki, yerlərdə toplanan gəlirlərin hansı hissəsinin rayonlarda saxlanılıb-saxlanılmaması mərkəzi hökumətin səlahiyyətində olan məsələdir.
Mərkəzi büdcəyə daxil olan vəsaitlərin necə xərclənməsi dövlət siyasəti baxımından mühüm əhəmiyyət daşıyır. Müdafiə, səhiyyə sisteminin qorunması, hüquq-mühafizə orqanlarının fəaliyyəti, təhsil və mədəniyyət sahələri, xarici ölkələrdəki səfirliklərin saxlanması, strateji və kommunikasiya xətlərinin yenilənməsi kimi istiqamətlərin hamısı mərkəzi büdcə hesabına maliyyələşdirilir.
Fövqəladə hallardan sonra həyata keçirilən bərpa işlərinə ayrılan vəsait də məhz mərkəzi büdcədən qarşılanır. Vaxtaşırı Prezident tərəfindən müxtəlif rayonlarda məktəb tikintisi, binaların təmiri, sosial obyektlərin inşası və yolların yenidən qurulması ilə bağlı imzalanan sərəncamlar bunun bariz nümunəsidir.
Yəni ölkə üzrə bütün əsas xərclər mərkəzi büdcə vasitəsilə həll olunur. Yerli büdcələrə ayrılan vəsaitlər isə əsasən həmin ərazilərdə kommunal vəziyyətin normal səviyyədə saxlanması və cari tələbatların ödənilməsi üçündür. Bu gün dövlət birbaşa iqtisadiyyata müdaxilə etmir, lakin iqtisadi mühitin formalaşmasına nəzarət edir.
Regionlarda sosial-iqtisadi inkişaf bir çox hallarda həmin ərazilərdə sahibkarlığın genişlənməsi ilə bağlıdır. Dövlətin yaratdığı şərait sayəsində bu gün regionlarda həm iri şirkətlər, həm də yerli sahibkarlar aktiv fəaliyyət göstərirlər. Bu isə yeni iş yerlərinin açılmasına və insanların dolanışığının yaxşılaşmasına səbəb olur. Kənd təsərrüfatı sahəsində də iri fermaların yaranması bunu göstərir.
Hazırda Azərbaycan dünyada ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunduğu ölkələrdən biridir. Ölkə üzrə 9 əsas ərzaq məhsulunun 7-si daxili istehsal hesabına təmin edilir. Yalnız buğda və düyü xaricdən alınır. Bunun səbəbi isə həmin məhsulların geniş əkin sahələri tələb etməsi, Azərbaycanın isə bu baxımdan məhdud torpaq imkanlarına malik olmasıdır. Digər sahələrdən əldə edilən gəlirlər hesabına bu məhsulların idxalı asanlıqla həyata keçirilir.
Büdcə müzakirələri bir daha göstərdi ki, dövlət ölkənin hərtərəfli inkişafını daim diqqət mərkəzində saxlayır. Regionların inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı və strateji ehtiyatların möhkəmləndirilməsi bu gün ölkə üçün prioritet məsələlərdir.
Həmçinin müzakirələr zamanı iqtisadi proqramların milli maraqlara tam uyğun şəkildə qurulduğu təsdiqləndi və büdcənin daha da təkmilləşdirilməsi üçün müxtəlif təkliflər səsləndirildi.
