Bakı merini özümüz seçəcəyik? – Vacib qərar verildi, detallar bilindi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Paytaxtın idarə olunmasına cavabdeh olan qurum uzun müddətdir müxtəlif sahələrdə tənqid olunur. Xüsusilə güclü yağış və qar yağışı zamanı yaranan problemlər BŞİH-in fəaliyyətini yenidən gündəmə gətirir.

Bu fərman BŞİH-nin fəaliyyətində hansı dəyişikliyə səbəb olacaq? Bu, həm də o deməkdirmi ki, Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmayacaq?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, fərmandan sonra müəyyən müsbət dəyişikliklərin olması mümkündür:

“İdarəetmədə çevikliyin artırılması, funksiyaların daha aydın bölüşdürülməsi və məsuliyyət mexanizmlərinin gücləndirilməsi baxımından bu kimi addımlar əhəmiyyətlidir. Lakin bu fərman birbaşa Bakıda uzun illər formalaşmış problemlərlə, o cümlədən yağış və qar zamanı üzə çıxan infrastruktur çatışmazlıqları ilə bağlı deyil. Daha çox idarəetmənin optimallaşdırılması istiqamətində atılmış institusional addımdır. Eyni zamanda, bu fərmanı Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə əlaqələndirmək düzgün olmaz. Fikrimcə, hazırkı mərhələdə belə bir modelin tətbiqi gündəmdə deyil və fərman da bu istiqamətdə hər hansı siqnal vermir”.


Deputat qeyd edib ki, bütün hallarda struktur islahatları vacibdir:

“Real nəticələrin əldə olunması üçün paralel olaraq şəhər təsərrüfatı, infrastruktur və kommunal xidmətlər sahəsində daha dərin, sistemli addımların atılması zəruridir. Gecikmiş də olsa müəyyən addımlar atılır, amma nəticəsini uzun illər gözləməli olacağıq”.

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli isə bildirib ki, Azərbaycan Avropa Xartiyasına qoşulan ölkələrdən biridir və bu sənəddə böyük şəhər bələdiyyələrinin yaradılması məsələsi öz əksini tapır:

“Buna baxmayaraq, ölkəmizdə bu istiqamətdə hələ də ciddi addımlar atılmayıb. Halbuki Cənubi Qafqazın digər ölkələrində, Tbilisi və İrəvanda böyük şəhər bələdiyyələri fəaliyyət göstərir, həmçinin şəhər idarəçiliyini seçkili orqanlar həyata keçirir. Hazırda Bakıda, Gəncədə, Sumqayıtda, Lənkəranda və digər böyük şəhərlərdə belə bir idarəetmə modeli formalaşmayıb. Təkliflərdən biri Bakı şəhər bələdiyyəsinin yaradılması və merin seçki yolu ilə müəyyənləşdirilməsidir. Bu halda vətəndaşlar şəhər rəhbərini birbaşa seçə bilərlər”.


İB sədri bildirib ki, Türkiyədə ən rəqabətli seçkilərdən biri məhz bələdiyyə seçkiləridir:

“Xüsusilə İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə keçirilən mer seçkiləri böyük ictimai maraq və rəqabətlə müşayiət olunur. Təklifimiz odur ki, Azərbaycanda da oxşar mexanizm formalaşdırılsın, bələdiyyə şuralarını xalq seçsin, fəal seçki mühiti yaradılsın, bələdiyyələrin səlahiyyət və statusu artırılsın, böyük şəhər bələdiyyələri təsis edilsin. Sadalananlar üçün mer seçkiləri keçirilməlidir. Bu, vətəndaşların sosial xidmətlərə cavabdeh şəxsləri özlərinin seçməsinə, həmin şəxslərin isə seçicilər qarşısında daha hesabatlı olmasına şərait yaradar. Təyinatla formalaşan idarəetmə modelində isə bu hesabatlılıq mexanizmi kifayət qədər müşahidə olunmur. Buna görə də ölkə üzrə yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində islahatların aparılması vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki