Bakı meri Eldar Əzizovun Dənizkənarı Bulvarın uzunluğunun gələcəkdə 25 kilometrə çatdırılması ilə bağlı açıqlaması ictimaiyyətin diqqətini çəkib. Paytaxtın sahilboyu ərazilərinin genişləndirilməsi planı həm şəhərin turizm potensialı, həm iqtisadi inkişafı, həm də urbanistik görünüşü baxımından mühüm layihələrdən biri kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Referans Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, layihə uzun müddətdir gündəmdədir və Bakı şəhərinin Baş Planı çərçivəsində mühüm əhəmiyyət daşıyır.
Ekspert qeyd edib ki, şəhərin 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq, Bakının tarixi və qədim siması qorunmaqla infrastrukturun yenilənməsi istiqamətində mühüm addımlar atılır:
“Bu layihə uzun müddətdir mövcuddur və hazırda şəhərin Baş Planı – 2040 layihəsinə əsasən şəhərin genişləndirilməsi, onun tarixi və qədimilik simasını saxlamaq şərti ilə infrastrukturun yenilənməsi istiqamətində çox mühüm addım olacaq”.
Onun sözlərinə görə, sahilyanı və bulvar əraziləri geniş olan şəhərlər iqtisadi baxımdan daha güclü hesab olunur:
“Çünki həmin ərazilərdə həm daşınmaz əmlak istiqamətində genişlənmə və yeniliklər olur, həm də turizmin inkişafı baxımından mühüm amilə çevrilir. Sahilyanı və bulvar əraziləri daha geniş olan şəhərlərə turist axını daha çox olur”.
Vüqar Oruc bildirib ki, layihə yalnız yeni gəzinti məkanlarının yaradılması ilə məhdudlaşmır:
“Biz təkcə yeni bulvar sahələrinə vətəndaşlar üçün gəzinti yeri və ya iqtisadi və turizm sahəsi üçün əlverişli məkan kimi baxmamalıyıq. Bu, eyni zamanda şəhərin ekoloji durumunun yaxşılaşdırılması və yaşıllaşdırılması baxımından çox önəmli istiqamətdir”.
Ekspertin fikrincə, bulvarın genişləndirilməsi şəhərin infrastrukturuna da ciddi müsbət təsir göstərəcək:
“Bu layihə turistlərin şəhərdə daha çox müddət qalmasına şərait yaradacaq, turizmdən gələn gəlirlərin artmasına, ekoloji təmizliyə, iqtisadi əlverişliliyə və urbanistik tənzimlənmənin həyata keçirilməsinə mühüm töhfə verəcək”.
O vurğulayıb ki, layihənin icrası Bakı şəhərinin beynəlxalq mövqeyini daha da gücləndirə bilər:
“Bu istiqamətdə layihə icra olunarsa, Bakı şəhərinin dünya paytaxtları içərisində mövqeyi daha da güclənə, turizm cəlbediciliyi arta və şəhərin nəqliyyat əlçatanlığı daha yaxşı təmin oluna bilər”.
Vüqar Oruc əlavə edib ki, bulvarın uzadılması yeni otellərin, qeyri-yaşayış sahələrinin və müxtəlif obyektlərin tikintisini də stimullaşdıracaq:
“Bu, şəhərin simasının yenilənməsi deməkdir və olduqca vacib məsələdir”.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi zamanı vahid memarlıq həllərinin tətbiqi və xaotik tikintinin qarşısının alınması əsas şərtlərdən biri olmalıdır:
“İstər otellərin tikintisində, istərsə də bulvarboyu digər obyektlərin inşasında vahid memarlıq nümunələri və planlı fəaliyyət həyata keçirilməlidir ki, şəhər daha cəlbedici və müasir görünsün”.
Ekspert qeyd edib ki, layihə Bakının avtomobil yönümlü şəhərdən daha çox piyada yönümlü şəhərə keçidi baxımından da mühüm rol oynaya bilər:
“Piyada yönümlü şəhərlər turizm üçün daha əlverişlidir”.
Vüqar Orucun fikrincə, layihə çərçivəsində yaxta və marina xidmətləri, sahilboyu gəzinti zonaları, restoranlar, hotellər və əyləncə mərkəzlərinin yaradılması da vacib istiqamətlərdən biridir:
“Bu, həm yerli əhali, həm də turistlər üçün şəhərin cəlbediciliyini artıracaq və Bakının potensialının genişlənməsinə səbəb olacaq”.
Ekspert sonda bildirib ki, sahilboyu ərazilərdə dəniz mənzərəli yaşayış və kommersiya obyektlərinin tikilməsi iqtisadi baxımdan olduqca cəlbedici görünür:
“Dünyada ən prestijli yaşayış məkanları məhz dənizkənarı ərazilərdə yerləşir. Bu isə həm dövlət büdcəsinə, həm şəhərin inkişafına, həm də xarici investorların marağının artmasına stimul yarada bilər”.
Gülnaz Abdullazadə
