“Ulduz”–“Koroğlu” istiqamətində metro xəttinin altından avtomobil yolunun keçirilməsi ilə bağlı səsləndirilən fikirlər ictimaiyyətdə müəyyən anlaşılmazlıq yaradıb.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, sözügedən layihələr bir-biri ilə qarışdırılır və bu da yanlış fikir formalaşdırır.
Ekspertin sözlərinə görə, əslində burada bir neçə fərqli layihədən söhbət gedir:
“Söhbət ondan gedir ki, depo ərazilərinin altından avtomobil tunelləri tikilir. Bu layihələr istər Bakmil istiqamətində, istərsə də Dərnəgül depo ərazisində həyata keçirilir. Amma bunların hərəsinin funksionallığı və əhəmiyyəti fərqlidir. Yəni Bakmil şəhər üçün bir cür önəm daşıyır, Dərnəgül isə tam başqa əhəmiyyət kəsb edir”.
Rauf Ağamirzəyev qeyd edib ki, bəzi açıqlamalarda bu layihələr eyni kontekstdə təqdim olunur:
“Sadəcə çıxışlarda Dərnəgül nümunə kimi göstərilir və bu, “Ulduz” istiqaməti ilə əlaqələndirilir. Bu isə müəyyən çaşqınlıq yaradır. Halbuki, bunlar ayrı-ayrı layihələrdir və xüsusilə Dərnəgül istiqamətində görülən işlər tam fərqli məqsədlərə xidmət edir”.























