Son illərdə ictimai nəqliyyat sistemində müasir texnologiyalardan istifadə bu sahədə inkişaf istiqamətində atılan mühüm addımlardan hesab olunur.
Sərinləşdirici kondisionerlər, marşrut cədvəlini göstərən elektron cihazlar və bir sıra yeniliklərə malik bu dayanacaqlar şəhər sakinlərinin rahatlığına şərait yaratmaq məqsədi daşısada, bir çox hallarda gözləntilər reallıqla üst-üstə düşmür. Hazırda bir çox ağıllı dayanacaqlarda nə informasiya ekranları işləyir, nə də kondisionerlər sərnişinlərə rahat nəfəs almağa imkanı verir.
Ümumilikdə paytaxtda neçə ağıllı dayanacaq var və bu texnoloji problemlərin səbəbi nədir?
“Cebheinfo.az”- ın soğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, smart dayanacaqlara daim nəzarət olunur:
“Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakı şəhərində 30-dan çox smart tipli avtobus dayanacaq pavilyonu quraşdırılıb. Gələcəkdə bu cür dayanacaqların sayının artırılması nəzərdə tutulmur.
Əvəzində AYNA tərəfindən vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi yeni dayanacaq pavilyonları quraşdırılaraq istifadəyə verilir. AYNA tərəfindən smart dayanacaqlarla bağlı monitorinq aparılır. Bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır”.