Bu şəxslərə dəymiş ziyana görə pul ödəniləcək – Şərtlər açıqlandı

Son günlər ölkənin müxtəlif bölgələrində baş verən təbii fəlakətlər bir daha fövqəladə hallara hazırlıq və operativ müdaxilə mexanizmlərini gündəmə gətirib. Belə hallarda aidiyyəti dövlət qurumlarının fəaliyyəti, görülən təxirəsalınmaz tədbirlər və zərərçəkən vətəndaşlara göstərilən dəstək ictimaiyyət üçün xüsusi maraq doğurur. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı hansı prosedurların tətbiq edildiyi və dövlətin üzərinə düşən öhdəliklər isə ən çox müzakirə olunan məsələlər sırasındadır.

Təbii fəlakət baş verən rayonlarda fövqəladə qərargahlar yaradılırmı? Belə hallarda fövqəladə vəziyyət elan olunurmu? Vətəndaşlara dəymiş maddi ziyan hökumət tərəfindən qarşılanırmı?

Referans Media bildirir ki, Globalinfo.az-a danışan deputat Rövşən Muradov deyib ki, dövlət təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması üçün büdcədən vəsait ayırır:

“Təbii fəlakətlər hər bir dövlət üçün yalnız ani müdaxilə tələb edən hadisə kimi qiymətləndirilməməlidir. Bu cür situasiyalar eyni zamanda dövlət idarəçiliyinin çevikliyini, aidiyyəti qurumlar arasında koordinasiyanın səviyyəsini və vətəndaşa yönəlmiş sosial məsuliyyət mexanizmlərinin işləkliyini ortaya çıxarır. Azərbaycanda fövqəladə hallar zamanı tətbiq edilən prosedurlar məhz bu prinsiplər üzərində formalaşıb”.

R.Muradov bildirib ki, təbii fəlakət baş verən ərazilərdə operativ qərargahların, müvafiq komissiyaların və işçi qrupların yaradılması ölkəmizdə artıq institusional təcrübəyə çevrilib:

“Belə hallarda Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti orqanları, aidiyyəti nazirliklər və digər dövlət qurumları hadisənin miqyasına uyğun şəkildə fəaliyyətlərini əlaqələndirir. İlkin təhlükəsizlik tədbirləri görülür, zərərçəkmiş ərazilərdə monitorinq aparılır və dəymiş ziyanın qiymətləndirilməsi həyata keçirilir. Zəlzələ, sel, daşqın və digər təbii hadisələr zamanı bu mexanizmlərin tətbiqi praktikada dəfələrlə müşahidə olunub. Burada mühüm məqamlardan biri fövqəladə vəziyyət anlayışının düzgün izah edilməsidir. Hər təbii fəlakət fövqəladə vəziyyətin elan olunmasını avtomatik zərurətə çevirmir. Fövqəladə vəziyyət xüsusi hüquqi rejimdir və yalnız təhlükənin miqyası, ictimai təhlükəsizliyə təsiri və idarəetmə zərurəti bunu tələb etdiyi hallarda qanunvericilikdə müəyyən edilmiş prosedur əsasında tətbiq olunur”.



Deputatın sözlərinə görə, lokal xarakterli fəlakətlər zamanı dövlət qurumları fövqəladə vəziyyət elan olunmadan da operativ müdaxilə, yardım və bərpa tədbirlərini həyata keçirə bilir:

“Vətəndaşlara dəymiş maddi ziyanın qarşılanması məsələsi də konkret qiymətləndirmə və dövlət qərarı əsasında reallaşır. Ziyan əvvəlcə aidiyyəti qurumlar tərəfindən aktlaşdırılır, sonra onun miqyası və xarakteri müəyyən edilir. Bundan sonra dövlət büdcəsindən və ya Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə müvafiq qərarlar qəbul olunur. Məsələn, 2026-cı ilin mart-aprel aylarında leysan və sel sularının vurduğu ziyanın aradan qaldırılması üçün 85 milyon 869 min 260 manat vəsait ayrılması, həmçinin 2019-cu ildə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələdən sonra ilkin mərhələdə 2 milyon manatın yönəldilməsi bu mexanizmin real işlədiyini göstərir. Beləliklə, Azərbaycanda təbii fəlakətlər zamanı əsas xətt insan təhlükəsizliyinin qorunması, ziyanın obyektiv qiymətləndirilməsi, bərpa prosesinin koordinasiyalı şəkildə aparılması və vətəndaşa dövlət dəstəyinin hüquqi prosedurlar çərçivəsində təmin edilməsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki