Bayramov Kuba və çexiyalı həmkarları ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasında iştirakı çərçivəsində Çexiya və kubalı həmkarları Petr Matsinka və Bruno Eduardo Rodriqez Parrilya ilə görüşüb.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

C. Bayramov çex həmkarını xarici işlər naziri təyin olunması münasibətilə bir daha təbrik edib.

Görüş zamanı Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji, humanitar və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub, son regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Çexiya arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, dövlət və hökumət, eləcə də Parlamentlər səviyyəsində nümayəndələrin qarşılıqlı səfər və təmaslarının, XİN-lərarası siyasi məsləhətləşmələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində əlaqələrimizin inkişafına təkan verdiyi vurğulanıb.

Cari ilin aprel ayında Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı əldə edilmiş mühüm razılaşmalardan irəli gələn məsələlər nəzərdən keçirilib.

Azərbaycan-Çexiya iqtisadi-ticarət əlaqələrinin hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, bu əlaqələrin daha da dayanıqlı edilməsi üçün qarşılıqlı investisiyaların artırılması, mövcud əməkdaşlıq sahələrinin şaxələndirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Görüşdə nazir keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirin kubalı həmkarı Bruno Eduardo Rodriqez Parrilya ilə görüşündə münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq son illər ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika ətrafında müzakirələr aparılıb.

Azərbaycan və Kuba arasında tarixi və mədəni əlaqələrin mövcud olduğu qeyd edilib, təhsil və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, iki ölkə arasında çoxtərəfli platformalarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və Karib Hövzəsi Birliyi (CARICOM) çərçivəsində əməkdaşlıq perspektivləri və Azərbaycanın inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SIDS) göstərdiyi humanitar və inkişafa yardım dəstəyi barədə müzakirələr aparılıb. Azərbaycan tərəfindən Kubaya edilən humanitar yardıma və təhsil təqaüdlərinə görə təşəkkür ifadə olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, o cümlədən Karib hövzəsində və Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində Kuba və çexiyalı həmkarları Bruno Rodriqes və Petr Matsinka ilə görüş keçirib.

Referans Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

XİN rəhbəri P. Matsinka ilə Azərbaycan və Çexiya arasında strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq istiqamətlərini müzakirə edib, son regional və beynəlxalq hadisələr barədə fikir mübadiləsi aparıb.

Kubalı həmkarı ilə görüşündə isə iki ölkə arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika nəzərdən keçirilib.

C. Bayramov və B. Rodriqes mövcud tarixi və mədəni əlaqələrə əsaslanaraq iqtisadiyyat, investisiya, turizm və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin BMT, Qoşulmama Hərəkatı (QH) və Karib Hövzəsi Ölkələri Birliyinin (CARICOM) daxil olduğu çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivləri, eləcə də Azərbaycanın Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərə (SIDS) humanitar və inkişaf yardımı müzakirə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki