Braziliyanın Rio-de-Janeyro şəhərinin qərbində iki helikopterin havada toqquşması nəticəsində 6 nəfər həyatını itirib.
Rio-de-Janeyro Yanğınsöndürmə Xidmətinin sözçüsü Fabio Kontreyras bildirib ki, qəzaya uğrayan helikopterlər Recreio dos Bandeirantes bölgəsinə düşüb.
Onun sözlərinə görə, helikopterlərdən biri avtomobil dayanacağına düşüb və içərisində olan 5 nəfər hadisə yerində həlak olub. Digər helikopter isə toqquşma nöqtəsindən təxminən 100 metr aralıda tərs vəziyyətdə aşkar edilib. Həmin helikopterin pilotu da həyatını itirib.
Kontreyras qeyd edib ki, ikinci helikopterin düşməsi nəticəsində yanğın baş verməyib, lakin qalıqlar ətrafdakı binaların dam və terraslarına səpələnib.
Yerli KİV-in məlumatına görə, helikopterlərdən birinin düşdüyü dayanacaqda baş verən yanğın nəticəsində təxminən 20 elektrik avtomobili yanaraq külə dönüb.
Rio-de-Janeyro merinin müavini Eduardo Kavalyere yanğının nəzarət altına alındığını, xilasedicilərin hadisə yerində dağıntıların təmizlənməsi və avtomobillərin təxliyəsi işlərini davam etdirdiyini bildirib.
Qəzanın dəqiq səbəbi Braziliya Hərbi Hava Qüvvələrinə bağlı Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) apardığı istintaqdan sonra məlum olacaq.
