Pakistanın təhlükəsizlik qüvvələri və polisi Xeybər-Paxtunxva əyalətinin Orakzay bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib. Əməliyyat zamanı terrorçu “İŞİD-Xorasan” qruplaşmasının üzvü olmaqda şübhəli bilinən iki nəfər ələ keçirilib.
Referans Media xəbər verir ki, polis mənbələrinin məlumatına görə, şübhəli şəxslər Qaljo bazarı yaxınlığında saxlanılıblar. İlkin araşdırmalar nəticəsində onların Azərbaycan vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin Kazımov Qor və Məhəmmədov Yunis Məhəmməd oğlu olduğu bildirilir. Məlumata görə, onlar Mərkəzi Kurramın Alişerzay bölgəsindən Qaljoya piyada gəliblər.
Pakistan xüsusi xidmət orqanları ərazidə şübhəli hərəkətlilik müşahidə etdikdən sonra həmin şəxsləri saxlayaraq dindirilmə üçün yaxınlıqdakı polis bölməsinə aparıblar. Hazırda onların “İŞİD-X” (İŞİD-K) qruplaşması ilə əlaqələri hərtərəfli araşdırılır. Rəsmi qurumlar faktla bağlı istintaqın davam etdiyini və yekun təsdiqin araşdırmalardan sonra veriləcəyini açıqlayıblar.
Hadisədən sonra Pakistan təhlükəsizlik qüvvələri bölgədə nəzarəti gücləndirib və terrorçuların ehtimal olunan digər tərəfdarlarının müəyyən edilməsi üçün aktiv fəaliyyətə başlayıblar. Qeyd edək ki, əvvəllər “Taliban”ın nəzarətində olan Orakzay bölgəsində mütəmadi olaraq radikal qruplaşmalarla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurmalar baş verir./NOCOMMENT.az/






















