Bu əraziyə köçənlərə 15 min veriləcək

İtaliyanın Sardiniya muxtar bölgəsi əhalisi azalan kiçik yaşayış məntəqələrini canlandırmaq məqsədilə mənzil dəstəyi proqramını uzadıb. 2026–2028-ci illər üçün ayrılan illik 15 milyon avroluq büdcə çərçivəsində adada ev alan və ya təmir edən şəxslərə 15 min avroya qədər qarşılıqsız maliyyə dəstəyi veriləcək. Proqramdan xaricdən köçən şəxslər də yararlana biləcəklər.

Referans Media  xəbər verir ki, yenilənmiş qaydalara əsasən, proqram artıq əhalisi 5 min nəfərə qədər olan bütün yaşayış məntəqələrini əhatə edir.

Verilən vəsait birbaşa köç pulu deyil. Maliyyə dəstəyi yalnız ilk yaşayış evinin alınması və ya təmiri xərcləri üçün nəzərdə tutulub. Dövlət ümumi xərclərin maksimum 50 faizini qarşılayır və bir nəfər üçün dəstəyin məbləği 15 min avro ilə məhdudlaşır.

Proqramdan yararlanan şəxslər aldıqları evi əsas yaşayış ünvanı kimi qeydiyyata almalı və son ödənişi aldıqdan sonra həmin ünvanda ən azı 5 il yaşamalıdırlar.

Müraciət etmək hüququ yalnız İtaliya vətəndaşlarına aid deyil. İtaliyanın digər bölgələrindən və ya xarici ölkələrdən Sardiniyaya köçmək istəyən şəxslər də proqrama qoşula bilərlər. Seçim zamanı 40 yaşadək şəxslərə, gənc ailələrə, uşaqlı ailələrə və xaricdən köçənlərə üstünlük veriləcəyi bildirilir.

Proqram Sardiniya Muxtar Bölgəsi tərəfindən maliyyələşdirilsə də, müraciətlərin qəbulu və əlavə şərtlər yerli bələdiyyələr tərəfindən müəyyən edilir.

İlk müraciət qəbul edən yaşayış məntəqələri arasında Pattada, Buggerru, Ales, Ruinas və Simaxis yer alır. Namizədlər tələb olunan sənədləri birbaşa həmin bələdiyyələrə təqdim etməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki