Türkiyənin İzmir şəhərinin Buca rayonunda gecə saatlarında parkda baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirə olunub. Hadisə zamanı parkda istirahət edən vətəndaşlarla bir şəxs arasında gərginlik yaşanıb.
Referans Media xəbər verir ki, hadisə saat 23:00 radələrində vətəndaşların sıx istifadə etdiyi parklardan birində baş verib. İddialara əsasən, bir şəxs insanların olduğu ərazidə ictimai qaydalara zidd davranış nümayiş etdirib və bu, ətrafdakıların narazılığına səbəb olub.
Hadisəni görən bəzi vətəndaşlar həmin şəxsə etiraz edib. Gərginlik zamanı tərəflər arasında sözlü mübahisə yaranıb. Ərazidə olan şəxslərdən birinin fiziki müdaxilə etdiyi anlar isə mobil telefon kamerası ilə qeydə alınıb.
Görüntülərin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri arasında fərqli fikirlər səslənib. Bəzi istifadəçilər ictimai asayiş qaydalarına əməl edilməsinin vacibliyini vurğulayıb, digərləri isə qarşıdurma zamanı zorakılığa yol verilməsini tənqid edib.
Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma aparıb-aparmadığı barədə hələlik rəsmi məlumat verilməyib.
