"Foxtrot" yeniyetmə killerləri belə toplayır – İranın Xaşxaşilər ordeni qayıdır?
18 yaşlı Atilla Mübariz oğlu Əzimov hadisə yerində qurbanın üzərinə yeriyərək ardıcıl atəş açıb və son gülləni o, artıq yerdə uzanan Murad Əbdülqadirin başına sıxıb. Sonradan məlum olub ki, Atilla Əzimov sifarişli qatil kimi "Foxtrot" tərəfindən cəlb edilib və əslində səhv hədəfi öldürüb. Atilla Əzimovun Azərbaycanla əlaqələri haqda konkret məlumat yoxdur.
Referans Media xəbər verir ki, 2006-cı il təvəllüdlü Atilla Əzimov İsveçdə, Stokholm ətrafı Sundbyuberqdə ailəsi ilə birgə yaşayıb. İsveç məhkəməsi onu ömürlük həbs cəzasına məhkum edib.
Avropada serial sifarişli qətllər törətməsi ilə məşhurlaşan "Foxtrot" şəbəkəsinin iş üsulu tarixdə məşhur olan, İran ərazisində yaradılmış gizli Xaşxaşilər (Həşşaşinlər) ordenini xatırladır. XI əsrdə Həsən ibn Sabbah tərəfindən Əlamut qalasında yaradılan bu təşkilat fanatik sədaqət, ciddi məxfilik və siyasi məqsədlər naminə xüsusi hazırlıq keçmiş fədailərdən istifadə etməsi ilə tanınırdı. Həsən İbn Sabbah öz tərəfdarlarını xüsusi ideoloji hazırlıqdan keçirir, onları kor-koranə itaət ruhunda yetişdirir və siyasi rəqiblərin aradan götürülməsi üçün müxtəlif ölkələrə göndərirdi. Belə görünür ki, Avropada oxşar model müasir texnologiyalar vasitəsilə yenidən ortaya çıxıb.
Qruplaşma sosial şəbəkələr və şifrəli messencerlər vasitəsilə yeniyetmələri pulla qətllərə cəlb edir, onlara kompüter oyunlarını xatırladan təlimatlar göndərir, silah gizlədilən yerlərin koordinatlarını paylaşır və müxtəlif Avropa ölkələrində sifarişli qətllər həyata keçirməyə çalışır. Bu qruplaşma təkcə narkotik ticarəti ilə deyil, həm də sifarişli qətllər və İsraillə əlaqəli hədəflərə qarşı hücumlarla əlaqələndirilir. 2025-ci ilin fevralında İsveçdə 20 yaşlı tələbə Murad Əbdülqadir gecə növbəsindən sonra "McDonald's"dan evə qayıdarkən güllələnərək öldürülüb. Qətli törədən 18 yaşlı Atilla Mübariz oğlu Əzimov hadisə yerində qurbanın üzərinə yeriyərək ardıcıl atəş açıb və son gülləni o, artıq yerdə uzanan Murad Əbdülqadirin başına sıxıb. Sonradan məlum olub ki, Atilla Əzimov sifarişli qatil kimi "Foxtrot" tərəfindən cəlb edilib və əslində səhv hədəfi öldürüb. O, ömürlük həbs cəzasına məhkum edilib.
BBC-nin araşdırmasına görə, "Foxtrot" sifarişli qətllər üçün əsasən yeniyetmələri seçir. Onlar sosial media və şifrəli messencerlərdə yayılan elanlar vasitəsilə tapılır. Elanlarda "İngiltərədə öldürmək – 270 min kron" kimi təkliflər yerləşdirilir, silahların gizlədildiyi yerlərin koordinatları və videoları göndərilir, bütün proses kompüter oyunlarını xatırladan tapşırıqlar şəklində idarə olunur. Avropolun Ağır və Mütəşəkkil Cinayətkarlıq Mərkəzinin nümayəndəsi Endi Kraaq bu şəxsləri "autsors killerlər" adlandırır. Onun sözlərinə görə, cinayətkar qruplar xüsusilə psixoloji problemləri olan, narkotikdən istifadə edən və ya uşaq evlərində böyümüş yeniyetmələri hədəfə alırlar.
Araşdırmada Norveç vətəndaşı, 18 yaşlı Yohannes Natlandın işi də xüsusi yer tutur. Bildirilir ki, o, İngiltərədə qətl törətmək üçün "Foxtrot" tərəfindən cəlb olunub. Ona "Agent 47" ləqəbli əlaqələndirici rəhbərlik edib. İsveç polisi hesab edir ki, bu ləqəbin arxasında qruplaşmanın əsas üzvlərindən biri olan Əli Şehad Əhməd dayanır. "Agent 47" Natlanda Mançesterə bilet alıb, müvəqqəti pasport əldə etməsinə kömək edib, daha sonra isə "Signal" tətbiqi vasitəsilə silahın və pulun gizlədildiyi yerlərin videolarını göndərib. Lakin norveçli yeniyetmə əməliyyatı həyata keçirməyə macal tapmadan polis tərəfindən saxlanılıb. Araşdırmada diqqət çəkən məqamlardan biri də odur ki, "Foxtrot" yeniyetmələrə böyük məbləğdə pul vəd etsə də, əksər hallarda bu vəsait ödənilmir. Səbəb isə onların cinayətdən dərhal sonra saxlanılmasıdır.
İsveç televiziyası SVT-nin araşdırmaçı jurnalisti Diamant Salihu bildirib ki, indiyədək bu şəbəkənin hər hansı yeniyetmə killerə həqiqətən pul ödədiyinə dair fakt məlum deyil. Onun sözlərinə görə, qruplaşma bilərəkdən azyaşlı şəxsləri seçir, çünki onlar riskləri tam dərk etmirlər və cinayəti törətməyə daha asan razılaşırlar.
İsveç polisi "Foxtrot"un lideri Rava Məcidin hazırda İranın paytaxtı Tehranda yaşadığını hesab edir. Hüquq-mühafizə orqanlarının qənaətinə görə, o, 2023-cü ilin sonunda Türkiyədən İrana köçdükdən sonra şəbəkənin bir hissəsini İran hakimiyyətinin maraqlarına uyğun əməliyyatlara cəlb edib. Bu hücumlar arasında İsraillə əlaqəli obyektlərə qarşı törədilən partlayışlar və İran rejiminin tənqidçilərinə qarşı planlaşdırılan əməliyyatlar da var.
Məlumata görə, Böyük Britaniya hökuməti 2025-ci ildə həm "Foxtrot" şəbəkəsinə, həm də onun lideri Rava Məcidə qarşı sanksiyalar tətbiq edib.
Avropada bu təhlükə ilə mübarizə aparmaq üçün Böyük Britaniya, İsveç, Norveç, Danimarka, Finlandiya, Almaniya, Fransa, Belçika, Niderland, İspaniya və İslandiyanın daxil olduğu GRIMM adlı beynəlxalq əməliyyat qrupu yaradılıb. Qrupun 15 aylıq fəaliyyəti ərzində 280-dən çox şübhəli saxlanılıb. Onların arasında "Agent 47" kimi tanınan Əli Şehad Əhməd İraqda, qruplaşmanın əsas fiqurlarından sayılan keçmiş reper Məhəmməd Mohdidi isə Tunisdə həbs olunub. Bununla belə, "Foxtrot"un lideri Rava Məcid hələ də İranda olduğundan Avropa hüquq-mühafizə orqanları onu məsuliyyətə cəlb edə bilməyib.
"Foxtrot"un tətbiq etdiyi metod artıq digər cinayət qrupları tərəfindən də mənimsənilir və internet üzərindən yeniyetmələrin sifarişli qətllərə cəlb edilməsi Avropada getdikcə daha ciddi təhlükəyə çevrilir./Musavat.com/
