Dünyanın gözü bu görüşdədir – ABŞ və İran arasında kritik danışıqlar başlayır

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son vəziyyətə dair açıqlamalar verib. O, İranla mümkün razılaşma əldə etmək məqsədilə planlaşdırılan hücumların dayandırıldığını və danışıqların başlayacağını bildirib.

Referans Media xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-ın İranla bağlı hərbi planları Hörmüz boğazı və Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunması şərtilə təxirə salınıb.

ABŞ lideri bildirib ki, İranla danışıqlar bazar ertəsi günortadan sonra başlayacaq və prosesin nəticəsi gözləniləcək.

Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İranın müraciəti ilə hücum planlarının dayandırılması qərarı verilib. Onun sözlərinə görə, ABŞ hərbi əməliyyat keçirməyə tam hazır vəziyyətdə olub.

"Əgər razılaşma əldə olunmasa, istənilən vaxt yenidən hərəkətə keçə bilərik", – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti İranla razılaşmanın çoxsaylı insan həyatını xilas edə biləcəyini bildirib. O, müharibə əvəzinə diplomatik həll yoluna üstünlük verdiyini qeyd edib.

Tramp həmçinin planlaşdırılan hücumun miqyasının çox böyük olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu əməliyyat "İkinci Dünya müharibəsindən sonra həyata keçiriləcək ən böyük hücumlardan biri" ola bilərdi.

ABŞ lideri İranın enerji infrastrukturunun hədəf alınıb-alınmayacağı ilə bağlı konkret cavab verməsə də, hücum planının "çox böyük" olduğunu bildirib.

Hazırda beynəlxalq ictimaiyyət ABŞ və İran arasında başlayacaq danışıqların nəticəsini diqqətlə izləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki