Çexiyada dağ yürüşünə çıxan iki nəfər təsadüfən daş divarın içərisində gizlədilmiş təxminən 7 kiloqram ağırlığında qızıl və qiymətli əşyalardan ibarət xəzinə aşkar edib. Tapıntılar araşdırılması və qorunması üçün Hradec Králové Şərqi Bohemiya Muzeyinə təhvil verilib.
Referans Media xəbər verir ki, hadisə Çexiyanın Zviçina təpəsinin cənub-qərb yamacında baş verib. Gəzinti zamanı iki metal konteyner aşkar edən şəxslər onların içərisində 598 qızıl sikkə, həmçinin bilərziklər, tütün qutuları, tor çanta və pudra qabı kimi şəxsi əşyalar tapıblar. Ümumi tapıntının çəkisi təxminən 7 kiloqram təşkil edir.
Muzeyin mütəxəssislərinin ilkin araşdırmasına görə, kolleksiyanın böyük hissəsini Fransa qızıl sikkələri təşkil edir. Bundan başqa, Avstriya-Macarıstan, Belçika və Osmanlı imperiyasına aid sikkələr də aşkar edilib.
Bəzi sikkələrin üzərində sonradan vurulmuş Yuqoslaviya möhürlərinin olması xəzinənin 1921-ci ildən sonra gizlədildiyini göstərir. Maraqlıdır ki, kolleksiyada Almaniya və ya Çexoslovakiya mənşəli sikkələrə rast gəlinməyib.
Mütəxəssislər tapılan əşyaların metal tərkibini və hazırlanma texnologiyasını müəyyən etmək üçün rentgen-flüoressensiya (XRF) analizləri aparırlar.
Muzeyin məlumatına görə, xəzinənin təxminən 3,75 kiloqramını qızıl sikkələr təşkil edir. Digər əşyaların isə tamamilə qızıldan hazırlanıb-hazırlanmadığı laboratoriya müayinələrindən sonra dəqiqləşəcək. Xəzinənin kim tərəfindən və hansı səbəbdən gizlədildiyi isə hələlik məlum deyil və araşdırmalar davam edir./Musavat.com/
