Polisin öldürdüyü Əhməd KİMDİR? - Arvadı və oğlu ağır yaralıdır...

Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda qonşular arasında baş verən mübahisə qanlı insidentlə nəticələnib. Təqaüddə olan polis əməkdaşı Metin Karolun açdığı atəş nəticəsində yaralanan 67 yaşlı Əhməd Karagöz xəstəxanada üç günlük müalicədən sonra həyatını itirib. Hadisə zamanı Karagözün həyat yoldaşı və oğlu da yaralanıb.

Referans Media  xəbər verir ki, hadisə ötən cümə günü Keşan rayonunun Yeni Məhəlləsində yerləşən yaşayış kompleksində qeydə alınıb. Məlumata görə, Əhməd Karagöz, həyat yoldaşı İkbal Karagöz və oğlu Cumali Karagöz həyətdəki oturacaqda əyləşərkən qonşuları, 59 yaşlı təqaüddə olan polis Metin Karol ilə aralarında mübahisə yaranıb.

İddialara əsasən, Karol mübahisədən sonra evinə gedərək xidməti tapançasını götürüb, geri qayıdaraq ailəyə atəş açıb.

Atəş nəticəsində yaralanan Əhməd Karagöz, həyat yoldaşı və oğlu əvvəlcə Keşan Dövlət Xəstəxanasına, daha sonra isə Trakya Universiteti Tibb Fakültəsinin xəstəxanasına aparılıb.

Əhməd Karagöz həkimlərin səylərinə baxmayaraq vəfat edib. Bildirilir ki, İkbal Karagözün vəziyyəti ağır olaraq qalır, oğlu Cumali Karagözün isə səhhəti stabildir.

Hadisədən sonra Metin Karol istifadə etdiyi tapança ilə birlikdə saxlanılıb. O, polis idarəsindəki ifadəsindən sonra məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Türkiyə hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki