Qurban bayramı ərəfəsində mütəxəssislər ardıcıl günlərlə həddindən artıq qırmızı ət yeməyin orqanizmdə ciddi problemlər yarada biləcəyi barədə xəbərdarlıq edib. Bildirilir ki, porsiya nəzarəti olmadan 3 gün və daha uzun müddət davam edən intensiv ət istehlakı bədəndə “metabolik şok” effekti yarada bilər.
Referans Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bayram günlərində səhər qovurma, günorta və axşam isə yenidən qırmızı ət ağırlıqlı qidalanmaq həzm sistemi və ürək-damar sağlamlığı üçün risk yaradır.
Həzm sistemində problemlər və qəbizlik
Qırmızı ətin lif tərkibi olmadığı və həzmi çətin qidalardan biri olduğu vurğulanır. Bir neçə gün ardıcıl şəkildə tərəvəz və taxıl məhsulları olmadan yalnız ət yemək bağırsaq hərəkətlərini zəiflədə bilər. Nəticədə qəbizlik, köp, həzmsizlik və qaz sancıları yarana bilər.
Ürək və damar riskləri artır
Mütəxəssislər bildirirlər ki, qırmızı ət yüksək miqdarda doymuş yağ və xolesterin ehtiva edir. Ardıcıl günlərdə həddindən artıq ət istehlakı qanda LDL (“pis”) xolesterinin artmasına səbəb ola bilər. Xüsusilə təzyiq və ürək xəstəliyi olan insanlarda bu vəziyyət ciddi risk yarada bilər.
Böyrəklərə yük düşür
Qırmızı ətin yüksək protein tərkibi böyrəklərin daha çox işləməsinə səbəb olur. Xəbərdə qeyd olunur ki, ətin tərkibindəki purin maddəsi orqanizmdə sidik turşusunu artıraraq gut xəstəliyi tutmalarını gücləndirə bilər.
Yorğunluq və yuxululuq
Həkimlər bildirirlər ki, qırmızı ətin həzmi üçün orqanizm çox enerji sərf edir. Bu səbəbdən ardıcıl ağır ət yeməkləri insanlarda halsızlıq, yorğunluq və davamlı yuxu hissi yarada bilər.
Qidalanma mütəxəssisləri bayramda daha sağlam qidalanmaq üçün bir neçə vacib məsləhət veriblər:/Musavat.com
- Yeni kəsilmiş əti dərhal yeməmək, ən az 24 saat soyuducuda dincə qoymaq
- Ətin yanında bol yaşıl salat və tərəvəz yeməkləri istehlak etmək
- Qızartma əvəzinə soba, qaynatma və ya qril üsuluna üstünlük vermək
- Gün ərzində ən az 2,5–3 litr su içmək
